Azərbaycan Prezidenti qlobal iqtisadi forumda iştirak edərək ölkəyə investisiyaların cəlb olunması, yaşıl enerji sektorunun inkişafı və regionda strateji layihələrin müzakirəsi imkanlarını genişləndirir. Ekspertlər hesab edir ki, forum çərçivəsində keçiriləcək görüşlər həm iqtisadi, həm də siyasi baxımdan ölkənin maraqlarına mühüm töhfə verəcək.
Politoloq Sabir Məmmədli News365.az-a açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin qlobal iqtisadi forumlarda iştirakı ölkənin iqtisadi və siyasi maraqları baxımından böyük əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, bu tip tədbirlər dünya iqtisadiyyatı və dövlətlərarası əlaqələrin tənzimlənməsi baxımından vacib platforma rolunu oynayır.
Məmmədli vurğulayıb ki, forum çərçivəsində bir çox ikitərəfli görüşlər və müzakirələr keçiriləcək, şirkət rəhbərləri ilə ilkin razılaşmalar əldə oluna bilər. “Azərbaycana investisiyaların cəlb olunması, xüsusilə yaşıl enerji sektorunun gücləndirilməsi və təcrübəli xarici şirkətlərin ölkəyə cəlb edilməsi gündəmin əsas mövzularından olacaq”, – deyə o bildirib.
Politoloq əlavə edib ki, Azərbaycanın Avropa ölkələrinin enerji təchizatında rolunun artması da iqtisadi və siyasi əlaqələrə müsbət təsir göstərir. Keçirilən əvvəlki forumlarda şirkət rəhbərlərinin Prezident İlham Əliyevlə görüşmək üçün xüsusi maraq göstərdiyini qeyd edən Məmmədli, işğaldan azad edilmiş ərazilər və yeni marşrut layihələrinin bu marağı daha da artırdığını söyləyib.
Eyni zamanda, ABŞ-ın Ermənistana ayırdığı maliyyə yardımı da regiondakı iqtisadi və strateji maraqlar baxımından nəzərə alınmalı amil kimi qiymətləndirilir. Politoloq hesab edir ki, forumun işləri, burada keçiriləcək görüşlər və əldə olunacaq razılaşmalar Azərbaycanın gələcək iqtisadi inkişafı üçün böyük əhəmiyyət daşıyacaq.