Qızıl bazarında bahalaşma: Külçə və sikkəyə tələbat artıb

Qızıl bazarında bahalaşma: Külçə və sikkəyə tələbat artıb
17:05

Dünya qızıl bazarında qiymətlərin bahalaşması təbii olaraq Azərbaycan zərgərlik məmulatları bazarına da təsirsiz ötüşmür. Bu vəziyyət həm qiymətli metal qiymətlərinin, həm də onlardan hazırlanmış zərgərlik məmulatlarının satış qiymətlərinin artmasına səbəb olub.

Mövzu ilə bağlı Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədr müavini Rövşən Əmircanov  deyib ki, hazırda ölkəmizdə 585, 750 və 999.9 əyarlı qızılın satış qiymətləri müvafiq olaraq yüksəlib.

O bildirib ki, ilin əvvəlindən etibarən dünya birjalarında müşahidə olunan bahalaşma fonunda yerli bazarda da müxtəlif əyarlı qızılların satış qiymətlərində təxminən 30%-lik artım qeydə alınıb.

“Bazarda xüsusilə 999.9 əyarlı sikkə və külçələrə olan tələbat getdikcə artır. Bunun əsas səbəbi, bu əyarlı məhsulların daha çox investisiya vasitəsi kimi qəbul edilməsidir. Üstəlik, 999.9 əyarlı sikkə və külçələrin satışı zamanı 585 və 750 əyarlı zərgərlik məmulatları ilə müqayisədə itki faizi minimal olur”.

O həmçinin qeyd edib ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yerli qızıl xammalından istehsal edilən 999.9 əyarlı qızıl sikkə və külçələr yerli bazara təqdim olunur:

“Dövlət şirkətinin satış mərkəzində bu məhsullar dünya birjalarındakı cari qiymətlərə uyğun olaraq minimal marja ilə satışa çıxarılır. Eyni zamanda həmin mərkəzdə bu məhsulların geri alınması – yəni mübadiləsi də təmin edilir”.

R.Əmircanov əlavə edib ki, Azərbaycanda qızılı yığım vasitəsi kimi seçən vətəndaşlar arasında həm zinət əşyalarına, həm də külçə qızıllara maraq mövcuddur. Lakin bu seçimlər əsasən alıcının məqsədindən asılı olaraq dəyişir:

“Əgər məqsəd uzunmüddətli sərvət yığımı və ya investisiyadırsa, vətəndaşlar daha çox 999.9 əyarlı külçə qızıllara üstünlük verirlər. Bu növ məhsulların əsas üstünlüyü ondan ibarətdir ki, onların alış və satış zamanı qiymət fərqi minimal olur”.

Digər tərəfdən, qısamüddətli ehtiyacları və estetik məqsədləri əsas götürən alıcılar isə adətən 585 və 750 əyarlı zinət əşyalarını seçirlər.

“Bu məhsullar həm gündəlik istifadə, həm də hədiyyə və mərasimlər üçün daha əlverişli hesab olunur. Nəticə olaraq, Azərbaycanda qızılı yığım vasitəsi kimi istifadə edən vətəndaşların seçimləri, əsasən, məqsədlərinə uyğun formalaşır: istifadə və estetik yönümlü alıcılar zinət əşyalarına, sərvət saxlamaq istəyənlər isə külçə qızıllara daha çox üstünlük verirlər”,- deyə o bildirib.


Sizin reklam burada
Sizin reklam burada