Azərbaycanda telekommunikasiya
bazarında vəziyyət getdikcə daha da bərbad hala gəlir. Xüsusilə, “Azercell”
abunəçiləri hər gün sosial şəbəkələrdə, müxtəlif qruplarda eyni şikayəti
səsləndirirlər: ödəniş etdikləri internet paketi cəmi bir neçə dəqiqə ərzində
bitir.
Texniki baxımdan bu, mümkün olmayan
bir haldır. Bir neçə dəqiqəyə bütün internet paketinin tükənməsi açıq şəkildə
müştərinin aldadılması deməkdir. Bununla yanaşı, şirkət yüksək qiymət
siyasətini davam etdirərək abunəçiləri həm maddi, həm də mənəvi ziyana uğradır.
Vətəndaşların haqlı narazılığına
baxmayaraq, nəzarət orqanları bu məsələni görməzlikdən gəlir. Prezident yanında
Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin
fəaliyyətsizliyi isə ictimaiyyətdə haqlı suallar doğurur: kim və nə üçün bu
şirkətin müştəriləri açıq-aşkar aldatmasına göz yumur?
Azərbaycanda internetin qiyməti
durmadan artdığı halda, keyfiyyətin azalması ölkədə rəqəmsal inkişafı, eləcə də
vətəndaşların gündəlik həyatını birbaşa təhlükə altına alır. Bu, artıq təkcə xidmət
problemi deyil, həm də ictimai etimad böhranıdır.
Hazırkı vəziyyətdə insanlar faktiki
olaraq seçim imkanından məhrum qalıb və keyfiyyətsiz, baha xidmətə məcbur
ediliblər.
İlkin Məmmədkərimov,
News365.az