Xankəndiyə qayıtmaq istəyən ermənilərə AĞIR ZƏRBƏ

Xankəndiyə qayıtmaq istəyən ermənilərə AĞIR ZƏRBƏ
13:20

Ermənistan parlamentində “Qarabağa qayıdış” təşəbbüsü bir daha rədd edilib. Hakim “Vətəndaş Müqaviləsi” Partiyası Qarabağdan köçmüş ermənilərin Xankəndiyə və ətraf ərazilərə qayıdışına dair müxalifətin irəli sürdüyü təklifin əleyhinə səs verib. Bu barədə parlamentin xarici əlaqələr komissiyasının üzvü, hakim partiyadan olan deputat Arman Yeqoyan məlumat verib. O bildirib ki, Ermənistan hökuməti hazırda Azərbaycan qarşısında belə bir məsələ qaldırmır:

“Xaçaturyan tərəfindən irəli sürülən təklif Qarabağdan köçmüş şəxslərin qaytarılmasının təmin edilməsinin Azərbaycanın üzərinə məsuliyyət kimi qoyulmasını nəzərdə tuturdu. Amma hökumət bu anda bu istiqamətdə heç bir təşəbbüs irəli sürmür”, - Yeqoyan deyib. 

Məsələyə səbəb müxalif “Ermənistan” fraksiyasının üzvü Artur Xaçaturyanın Avronest Parlament Assambleyasının İrəvanda keçirilən son sessiyasında “ermənilərin Qarabağa qayıdışı” barədə təklifinin hakim partiya tərəfindən rədd edilməsidir.

Qarabağdan köçmüş şəxslər dedikdə, 2023-cü ilin sentyabrında Azərbaycanın suverenliyinin tam bərpa olunmasından sonra bölgəni könüllü şəkildə tərk edən erməniəsilli əhali nəzərdə tutulur.

Erməni müxalifətinin bu məsələyə təkrar-təkrar qayıtması isə siyasi manipulyasiyadan başqa bir şey deyil. Əgər doğrudan da bu insanlar Xankəndiyə qayıtmaq istəyirdilərsə, nə üçün İrəvanın mərkəzində bir nəfər belə aksiya keçirib, belə tələb irəli sürməyib? Əgər bölgəni könüllü tərk edənlərin içində beş min nəfər belə qayıdış istəmirsə, o zaman erməni müxalifəti niyə hər dəfə bu məsələni gündəmə gətirir?

Reallıq ondan ibarətdir ki, 2023-cü ilin payızında Qarabağdan köçənlərin böyük əksəriyyəti Ermənistan ərazisində sosial adaptasiya problemləri ilə üzləşsə də, geri dönmək niyyətində deyil. 

Paşinyan administrasiyası bu mövzuya toxunmaqdan qəsdən yayınır, çünki “Qarabağ məsələsinin bağlandığını” artıq həm daxili, həm də beynəlxalq müstəvidə qəbul edib. Hakimiyyət bu məsələni yenidən açmağın həm Qərblə münasibətlərə, həm də Moskva ilə balanslı siyasətinə zərbə vuracağını anlayır. Ermənistan hökuməti “Qarabağa qayıdış” məsələsini gündəmdən çıxarmaqla reallığı etiraf etmiş olur. Çünki artıq Qarabağ Azərbaycanın suverenliyindədir və bu reallığı dəyişmək mümkün deyil.

“Qarabağa qayıdış” təşəbbüsü Ermənistan müxalifəti üçün yalnız daxili siyasi təbliğat vasitəsidir. Digər tərəfdən, Ermənistan müxalifəti Qarabağdan köçənlərin “geri dönüş hüququ”nu müdafiə edərkən, Qərbi Azərbaycandan zorla qovulmuş azərbaycanlıların eyni hüquqa malik olduğunu tamamilə görməzlikdən gəlir. Halbuki əgər doğrudan da “insan haqları”ndan danışmaq istəyirlərsə, bu prinsip təkcə ermənilərə deyil, azərbaycanlılara da şamil edilməlidir. 

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdışı sülh sazişinin ayrılmaz hissəsidir. Amma İrəvan bu həqiqəti qəbul etmək istəmir, çünki o halda öz tarixindəki etnik təmizləmələr faktı ilə üzləşməli olacaq.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirib ki, Azərbaycan torpaqlarının işğalında indiki radikallar iştirak edib: “Qətliamlara keçmiş ”Qarabağ klanı"nın rəhbərliyi başçılıq edirdi. Ona görə də Ermənistan müxalifətinin mövqeyində heç bir dəyişiklik yoxdur. Paşinyan da haqlı olaraq, sülh quruculuğunun davam etdiyini bildirir. Hesab edirəm ki, erməni cəmiyyətinin əsas hissəsi məhz Paşinyanın bu mövqeyini dəstəkləyir. Çünki ermənilər başa düşürlər ki, müxalifəti dəstəkləsələr, bu, Azərbaycanla yeni münaqişə deməkdir. Ona görə də Paşinyanın tərəfdarları çoxdur".   

Qərbi azərbaycanlıların geri dönüşü məsələsinə gəlincə isə analitik qeyd edib ki, bu mövzuda Azərbaycan Prezidentinin mövqeyi bəllidir: “Biz oraya tanklarla, silahlarla deyil, sülhlə qayıdacağıq. Doğrudur, bu şərait hələ yaradılmayıb. Amma sülh quruculuğu gedirsə, hesab edirəm ki, bu, gələcəkdə müzakirə olunacaq mövzulardan birinə çevrilə bilər”. 

Hüquqşünas Qulamhüseyn Əlibəylinin sözlərinə görə, Ermənistan müxalifəti Rusiyayönümlüdür: “Onlar hazırkı Ermənistan hakimiyyətinə qarşı bütün vasitələrdən istifadə etməyə çalışırlar. Həm Azərbaycan, həm Türkiyə ilə münasibətlər üzərindən Paşinyana təzyiq göstərirlər. Məqsədləri gələcək seçkilərdə dividend qazanmaqdır. Çünki Ermənistan cəmiyyəti də Azərbaycanla münasibətlərin formalaşmasına tam hazır deyil. Müxalifət də cəmiyyətin ovqatından istifadə etmək istəyir. Onlar Paşinyanı seçki yolu ilə devirmək istəyirlər. Digər yolla çevrilişlər alınmadı. 

Qarabağ ermənilərinin geri qayıtması ilə bağlı Azərbaycan dəfələrlə öz mövqeyini bildirib. Deyib ki, Qarabağ erməniləri Azərbaycanın ərazi bütövlüyünü, hakimiyyətini tanısınlar və konstitusiyasının qanunlarını qəbul edərək, gəlib yaşasınlar. Biz buna etiraz etmirik. Əks halda onların Azərbaycana qayıtması qeyri-mümkündür. Qarabağ erməniləri gedəndə unitazlarını da götürdülər ki, daha Azərbaycanda yaşamaq istəmirlər.  

Ermənistandan qovulmuş azərbaycanlıların məsələsi bir qədər fərqlidir. Onlar Ermənistandan zorla deportasiya olunublar və beynəlxalq normalara görə, öz ata yurdlarına qayıtmaq və orada yaşamaq hüququ var. Qarabağ erməniləri isə Azərbaycan Respublikasının vətəndaşlığını qəbul edərək Azərbaycan qanunlarına tabe olduqdan sonra bu hüququ qazana bilərlər. Əgər həmin şəxslər Qarabağda yaşamaq istəyirlərsə, vətəndaşlığa qəbul olunma ilə bağlı müraciət etməli və müvafiq prosedurdan sonra onlara vətəndaşlıq hüququ verilərsə, o zaman qanunvericiliyə uyğun şəkildə qayıdıb Qarabağda yaşa bilərlər".

Qeyd edək ki, Azərbaycan tərəfi Qarabağdan erməni əhalinin köçündə heç zaman maraqlı olmayıb. Azərbaycanın istəyi bölgədə yaşayan erməni əhalinin re-inteqrasiyasına nail olmaq, onları təxminən son 30 ildə Ermənistanın və qanunsuz separatçı xunta rejiminin girovluğundan qurtararaq, ölkənin sosial-iqtisadi və ictinmai-siyasi həyatına qovuşdurmaq idi. İşğal bitdikdən sonra Azərbaycan özünün erməni sakinləri ilə təmas qurmağa hazır olduğunu bildirib. 


Sizin reklam burada
Sizin reklam burada