Qədim və sirli şahmat oyunu: Hüquq və iqtisadiyyat sahəsində uğur qazanmaq üçün…

Qədim və sirli şahmat oyunu: Hüquq və iqtisadiyyat sahəsində uğur qazanmaq üçün…
15 Apr 2024 09:37

Şahmat hər şeydən əvvəl hüquq bərabərliyini bəyan edir. Bu, ilk olaraq Beynəlxalq Şahmat Federasi­yasının (FIDE-nin) “Gens Una Sumus” (“biz bir ailəyik”) şüarı ilə simvollaşdırılmışdır.

Vlad Vainberg deyirdi ki, “şahmatda rəqiblərim gənc və yaşlı, ağ və qara, kişi və qadın, şahmat taxtasında ayrı-seçkilik yoxdur”.

Məlumdur ki, şahmat oyununda başlanğıcda hər iki tərəf bərabər imkanlara malikdir. Bunu şahmat taxtasına nəzər salmaqla aydın gör­mək olar: hər iki tərəfin eyni sayda piyada­lara və fiqurlara malik olması, hər iki tərəfin piyadaları və fiqurlarının şahmat taxtasında eyni cür yerləşdirilməsi.

Hətta on birinci şahmat dünya çem­pionu olmuş Bobby Fischer söyləyirdi ki, “demək olar ki, qəti olaraq, oyun nəzəri baxımdan bərabərədir”.

Hüquqi baxımdan da bu, belə deyilmi?! Beynəlxalq müqavi­lələrdə və dünya dövlətlərinin konstitusiyalarında və qanun­larında da birmənalı olaraq təsbit edilmişdir ki, dövlətlər irqin­dən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidə­sindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.

Şahmatla iqtisadiyyat elminin də ortaq cəhətləri həddindən artıq çoxdur. Təkcə bir fakta nəzər salsaq aydın görmək olar ki, həm şahmat, həm də iqtisadiyyatda eyni terminlərdən istifadə olunur. “Mübadilə”, “dəyər”, “keyfiyyət”, “rəqabət”, “planlaşdırma”, “praqnoz”, “mənfəət”, “qazanc”, “fayda”, “razılaşma”, “zərər” kimi terminlər bunlardan sadəcə bir neçəsidir. Keçmiş şahmat dünya çempionu olmuş Harri Kasparov yazır ki, “şahmatın öz dilini çox fərqli sahələrə mənimsətmiş olması heç də təəccüblü deyil. Əgər hər hansı bir danışıq əsnasında “açılış gedişi”, “strateji planlama” və ya “taktiki tətbiqetmə” kimi ifadələr eşitsəniz, bir şirkət satışından bəhs edildiyini düşünə bilərsiniz. Amma eyni zamanda bunlar hər hansı bir həftə sonu şahmat turnirində istifadə olunan sözlərdir”.

Şahmat və iqtisadiyyatın ortaq cəhətlərindən bəhs edərkən maraqlı bir məsələni də diqqətə çatdıraq. Belə ki, İsveç Elmlər Akademiyası tərəfindən 1994-cü ildə iqtisadiyyat sahəsində Nobel mükafatı oyun nəzəriyyəsinə dair araşdırmalarına görə, üç elm xadiminə – Macarıstandan John Harsanji (Berkeley Univer­siteti), ABŞ-dən John Nash (Princeton Universteti) ve Almani­yadan Reinhard Seltenə (Rheinische Friedrich-Wilhelms Uni­versiteti) verilmişdir. Qeyd edək ki, məhz şahmat oyununun qaydalarından təsirlənərək meydana çıxan həmin nəzəriyyə hazırda iqtisadiyyatla yanaşı, riyaziyyat, biologiya, fəlsəfə, kompüter və digər sahələrdə də böyük fayda verməkdədir.

Beləliklə, qədim və sirli şahmat oyununun qaydalarına dərindən bələd olan biri hüquq və iqtisadiyyat sahəsində böyük nailiyyətlər qazana bilər.


Sizin reklam burada
Sizin reklam burada