Azərbaycan güləşçisi Simurə Abdullayeva İtaliyanın Kaorle şəhərində
keçirilən U-15 Avropa çempionatının finalına yüksəlib.
News365.az xəbər verir ki, qitə birinciliyinin ikinci günündə
qadın güləşi üzrə mübarizəyə start verilib.
Ülviyyə Musayeva (33 kq) rumıniyalı Mariya Pavelə 8:2
hesabıyla qalib gəlsə də, 1/4 finalda rumıniyalı Yoana Qavrilaya 0:10 hesabıyla
məğlub olub.
Gülay Xasməmmədova (36 kq) rumıniyalı Ariana Harsana 15:8
hesabıyla qalib gəlsə də, 1/4 finalda türkiyəli Şirin Askaraya “tuş”la uduzub.
Yarışa 1/4 finaldan qoşulan Leyla Əsgərova (39 kq)
macarıstanlı Eliza Bodiyə “tuş”la qalib gələrək yarımfinala yüksəlib. Ancaq
finalın bir addımlığında rusiyalı Darya Maslennikovaya 3:8 hesabıyla məğlub
olub və sabah bürünc medal uğrunda güləşəcək.
Yağmur Məlikli (42 kq) 1/8 finalda belaruslu Anastasiya
Niakliayevaya, onunla eyni çəkidə çıxış edən Gülnar Ağadadaşova isə eyni mərhələdə
ukraynalı İvanna Maydanskaya “tuş”la uduzub. Gülnar sabah təsəlliverici görüşə
çıxacaq.
Nuray Cəfərli (46 kq) polşalı Karolina Qvodza 6:0 hesabıya
qalib gəlsə də, 1/8 finalda rusiyalı İlona Xaqarovaya müqavimət göstərə bilməyib
– 0:10. Bu çəkidəki digər təmsilçimiz Məryəm Hacıyeva isə 1/8 finalda
macarıstanlı Yanka Silleylə bacarmayıb – 0:10. Məryəm sabah təsəlliverici görüşə
çıxacaq.
Günel Kərimli (50 kq) təsnifat mərhələsində rusiyalı Varvara
Remezovaya 2:8, Aişə Cabbarova isə 1/8 finalda latviyalı Anastasiya Yakovlevaya
“tuş”la uduzub. Hər iki güləşçimiz sabah təsəlliverici görüşə çıxacaq.
Məryəm Əmrəli (54 kq) türkiyəli Asya Cintasa 9:2,
makedoniyalı Tea Donevaya isə tam üstünlüklə (11:0) qalib gələrək 1/4 finala
yüksəlib. Ancaq bu mərhələdə ukraynalı Yuliya Holhovska keçilməz olub – 2:10. Məryəm
sabah təsəlliverici görüşə çıxacaq.
İnci Abdullayeva (58 kq) ilk mərhələdə gürcüstanlı Ana
Tsereteliyə “tuş”la məğlub olub.
Rəna Nuriyeva (62 kq) serbiyalı Nikoleta Saboya tam
üstünlüklə (11:0) qalib gəlsə də, 1/4 finalda latviyalı Darya Markovaya 1:10
hesabıyla məğlub olub. Rəna sabah təsəlliverici görüşə çıxacaq.
Simurə Abdullayeva (66 kq) bolqarıstanlı Veronika Stoilovaya
7:6 və polşalı Karolina Loianixə 8:2 hesabıyla, serbiyalı Fani Sosa isə tam
üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Həmyerlimiz yarımfinalda
isə belaruslu Kamila Rudziankovaya heç bir şans tanımayıb – 10:2. Şəmkir güləş
məktəbinin yetirməsi finalda rusiyalı Amira Mironskaya ilə qarşılaşacaq.
Təsəlliverici və medal görüşləri sabah keçiriləcək.