İki ölkə arasında imzalanmış Şuşa Bəyannaməsinə baxmaq lazımdır. Çünki həm Türkiyə, həm də Azərbaycan öz təhlükəsizliyini vahid təhlükəsizlik konsepsiyası çərçivəsində görür və bu yanaşma Şuşa Bəyannaməsində də əksini tapmışdır. Bu, məsələnin bir tərəfidir.
Milli Məclisin deputatı Hikmət Baboğlu bu sözləri News365.az-a açıqlamasında deyib.
"44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bəyan etmişdi: “Biz daim ordumuzu təkmilləşdirəcəyik və Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun bir ordu quracağıq.”
Hazırda bu proses davam edir. Bu baxımdan Türkiyənin Milli Müdafiə Nazirliyinin nümayəndə heyətinin Azərbaycana səfəri mühüm hadisədir. Xüsusilə nəzərə almaq lazımdır ki, regionda təhlükəsizlik balansı dəyişməkdədir və yeni bir mərhələyə qədəm qoyuruq.
Məsələyə Türkiyənin prizmasından baxdıqda bu səfərin nə qədər əhəmiyyətli olduğu aydın görünür. Eyni zamanda, Azərbaycanın baxışları kontekstində də bu səfər eyni dərəcədə strateji əhəmiyyət daşıyır. Çünki hər iki ölkə üçün təhlükəsizlik məsələləri vahid konseptual yanaşma ilə qiymətləndirilir.
Bu mənada, may ayının 12-də baş vermiş mühüm hadisə – Türkiyənin milli birliyini və təhlükəsizliyini hədəfə alan separatçı terror təşkilatına qarşı uğurlu əməliyyat – həm də bölgədə yeni bir təhlükəsizlik memarlığının qurulması üçün imkanlar yaratmış oldu."