"Sabahkı oyunda qələbə qazanmaq istəyirik".
News365.az xəbər verir ki, bu barədə UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" oyunundan əvvəl mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.
O bildirib ki, "Nyukasl Yunayted" komandası favorit hesab olunsa da, "Qarabağ" qalib gəlmək üçün əlindən gələni edəcək:
"Komandaların ümumi vəziyyətinə baxsaq, favorit "Nyukasl Yunayted"dir. Lakin biz öz meydanımızda qələbə qazanmaq istəyirik. Sabah rəqibə qarşı çəkinmədən oynayacağıq. Mən və futbolçularım qələbə qazanmaq üçün çox istəkliyik".
Baş məşqçi Mateuş Koxalskinin zədəsi barədə də açıqlama verib:
"Koxalskinin mikrozədəsi var idi. Sabah yenə həkim müayinəsindən keçəcək. Riskli bir şey olmasa, meydana çıxacaq".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" oyunu sabah saat 21:45-də start götürəcək.