Xəzər rayonunun Binə qəsəbəsində yolların bərbad vəziyyəti sakinlərin həyatını çətinləşdirib. Məktəblilərin dərsə gedərkən ciddi problemlərlə üzləşdiyini bildirən yerli sakinlər illərdir bu problemlə mübarizə apardıqlarını, lakin həll olunmadığını vurğulayırlar.
Qəsəbə sakinləri yolların yararsız halda olmasını, xüsusilə də yağışlı havalarda vəziyyətin daha da acınacaqlı hala gəldiyini qeyd edirlər. Bir neçə dəfə yolun təmirinə cəhd edilsə də, görülən işlər yarımçıq qalıb.
"Bir neçə dəfə gəldilər, bir az düzəltdilər, torpaq tökdülər və getdilər. Amma bu, problemi həll etmədi. Ən azından suyun axıdılması üçün kanalizasiya sistemi qurulsaydı, yollar bu vəziyyətə düşməzdi," – deyə sakinlər bildirirlər.
Məktəbə gedən uşaqların və gündəlik iş-güc üçün yolçuluq edən insanların vəziyyəti isə daha ağırdır. Piyada yolları da keçilməz hala düşdüyü üçün uşaqlar palçığın içində məktəbə getməyə məcbur olurlar.
Sakinlər aidiyyəti qurumların məsələyə müdaxilə etməsini və yolların əsaslı şəkildə təmir olunmasını tələbedirlər.