20 Yanvar şəhidlərinin xatirəsi daim ehtiramla anılır, qəhrəmanlıqları gələcək nəsillərə örnək göstərilir
Azərbaycan xalqının müasir tarixində ən
faciəli və eyni zamanda ən şərəfli səhifələrdən biri 1990-cı il 20 Yanvar
faciəsidir. Bu qanlı hadisə Azərbaycan xalqının azadlıq, müstəqillik və milli
ləyaqət uğrunda apardığı mübarizənin zirvə nöqtələrindən biri olmaqla yanaşı,
Sovet imperiyasının öz vətəndaşlarına qarşı törətdiyi ağır cinayət kimi tarixə
düşmüşdür. 1990-cı il yanvar faciəsinə aparan proseslərin kökü 1987-ci ildən
başlayır. Həmin ildən etibarən azərbaycanlıların Ermənistandakı tarixi
torpaqlarından kütləvi şəkildə deportasiyası, onların evlərindən zorla
qovulması geniş vüsət aldı. Eyni zamanda, erməni millətçiləri tərəfindən keçmiş
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi tələbləri irəli sürüldü və bu
iddialar SSRİ rəhbərliyi tərəfindən faktiki olaraq dəstəkləndi.
Sovet rəhbərliyi bölgədə artan gərginliyin
qarşısını almaq əvəzinə, hadisələrə birtərəfli və ədalətsiz yanaşdı.
Ermənistandan qovulan yüz minlərlə azərbaycanlı qaçqın vəziyyətinə düşdü, lakin
onların hüquqları qorunmadı. Bu ədalətsizliklər Azərbaycan cəmiyyətində haqlı
etiraz dalğasına səbəb oldu, milli azadlıq hərəkatı gücləndi. 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyi fövqəladə vəziyyət elan
etmədən Sovet ordusunun ağır texnikalarla Bakıya daxil olması barədə qərar
verdi. Dinc əhaliyə qarşı tanklar, zirehli maşınlar, avtomatlar və
pulemyotlardan istifadə edildi. Qadın, uşaq, qoca demədən günahsız insanlar
qətlə yetirildi. Rəsmi məlumatlara görə 130-dan çox insan həlak oldu, yüzlərlə
şəxs yaralandı, yüzlərlə insan həbs edildi. Bu hadisə beynəlxalq hüququn, insan
haqlarının və SSRİ Konstitusiyasının kobud şəkildə pozulması idi.
20 Yanvar hadisələri sübut etdi ki, Sovet
dövləti öz varlığını qorumaq üçün öz vətəndaşlarının qanını tökməyə hazırdır.
Bu faciə Azərbaycan xalqının SSRİ-yə olan son ümidlərini də puça çıxardı və
müstəqillik ideyasını daha da gücləndirdi. 1990-cı il 20 Yanvar faciəsi
Azərbaycan xalqının yaddaşına qanla yazılmış ağır bir tarix olmaqla yanaşı,
milli iradənin, azadlıq və ədalət uğrunda mübarizənin sarsılmazlığını nümayiş
etdirmişdir. Bu faciə baş verdiyi ilk gündən etibarən ona siyasi-hüquqi
qiymətin verilməsi məsələsi son dərəcə mühüm idi. Həmin tarixi missiyanı öz
üzərinə götürən şəxs isə Ümummilli Lider Heydər Əliyev oldu. Faciənin ertəsi
günü — 1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gələrək Sovet imperiyasının total nəzarət və təzyiqlərinə
baxmayaraq, açıq şəkildə Azərbaycan xalqı ilə həmrəy olduğunu bəyan etdi. O
dövrdə bu addım böyük cəsarət, siyasi iradə və milli məsuliyyət tələb edirdi.
Çünki SSRİ rəhbərliyi 20 Yanvar hadisələri ilə bağlı ciddi informasiya blokadası
tətbiq etmişdi və hər cür etiraz səsi amansızcasına boğulurdu. Heydər Əliyev
həmin çıxışında 20 Yanvar faciəsinə açıq və prinsipial siyasi qiymət verdi. O,
bu hadisəni hüquqa, demokratiyaya və humanizmə zidd ağır bir cinayət
adlandıraraq, baş verənlərin mərkəzi sovet hakimiyyətinin və o zamankı
respublika rəhbərliyinin xəyanəti nəticəsində meydana gəldiyini bəyan etdi.
Heydər
Əliyev çıxışında Azərbaycan xalqına başsağlığı verərək, günahsız insanların
qətlə yetirilməsini bütöv bir xalqa qarşı yönəlmiş tarixi cinayət kimi
qiymətləndirdi. O, Bakı şəhərində törədilmiş terror aktına şərait yaradan sovet
hakimiyyətinin nümayəndələrini və hərbçiləri açıq şəkildə cinayətkar
adlandırdı. Bu, sovet sistemində nadir rast gəlinən və misilsiz bir mövqe idi.
Ümummilli Liderin bu çıxışı təkcə faciəyə
münasibət bildirmək deyil, həm də xalqın səsini dünya ictimaiyyətinə çatdırmaq
məqsədi daşıyırdı. O, şəxsi təhlükəsizliyini, siyasi gələcəyini riskə ataraq
Azərbaycan xalqının haqq səsini müdafiə etdi. Heydər Əliyevin 20 Yanvar faciəsi
ilə bağlı söylədiyi aşağıdakı fikirlər onun mövqeyinin mahiyyətini açıq şəkildə
ifadə edir: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu
yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə
olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının
namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”. Bu sözlər təkcə bir siyasi
liderin bəyanatı deyil, milli ləyaqətin və tarixi məsuliyyətin manifesti idi.
Azərbaycan xalqının azadlıq və müstəqillik
mübarizəsinin simvoluna çevrilmiş 20 Yanvar faciəsi dövlətçilik tariximizin ən
ağrılı, eyni zamanda ən qürurverici səhifələrindən biridir. Bu faciənin
qurbanları olan şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinin
və həmin hadisələr nəticəsində sağlamlığını itirmiş şəxslərin sosial
müdafiəsinin təmin edilməsi müasir Azərbaycan dövlətinin əsas prioritetlərindən
biri kimi müəyyən olunmuşdur. Prezident İlham Əliyev bu sahədə ardıcıl,
sistemli və humanist siyasət həyata keçirir.
Prezident
İlham Əliyevin təşəbbüsləri nəticəsində 20 Yanvar hadisələri ilə bağlı şəhid
ailələri və əlilliyi olan şəxslər üçün effektiv və davamlı sosial müdafiə
sistemi formalaşdırılmışdır. Dövlət siyasətinin əsas məqsədi bu insanların
sosial rifahının yaxşılaşdırılması, onların cəmiyyətin qayğısı ilə əhatə
olunmasıdır. Bu istiqamətdə mühüm sənədlərdən biri Prezidentin 2006-cı il 19
yanvar tarixli Fərmanı olmuşdur. Həmin Fərmana əsasən “20 Yanvar şəhidinin
ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş, şəhid
ailələrinə göstərilən dövlət qayğısı yeni mərhələyə qədəm qoymuşdur.
2018-ci
ildən etibarən həyata keçirilən və 2025-ci ildə icra olunan növbəti mərhələ
daxil olmaqla, 5 sosial islahat paketi çərçivəsində 20 Yanvarla bağlı sosial
ödənişlər əhəmiyyətli dərəcədə artırılmışdır. Bu islahatlar Prezident İlham
Əliyevin sosial siyasətinin ardıcıllığını və insan amilinə verdiyi yüksək
dəyəri nümayiş etdirir. Belə ki, 2025-ci ildə icra olunan növbəti, 2018-ci
ildən isə 5-ci sosial islahat paketi çərçivəsində də 20 Yanvar şəhidlərinin
ailə üzvləri üçün Prezidentin aylıq təqaüdü 700 manata, 20 Yanvar hadisələri
ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü orqanizmin
funksiyalarının 81-100 faiz pozulmasına görə 600 manata, 61-80 faiz pozulmasına
görə 500 manata, 31-60 faiz pozulmasına görə 400 manata, həmçinin əlilliyi olan
şəxslər üçün müavinət də müvafiq olaraq 300 manata, 250 manata və 180 manata
çatdırılıb. Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi
olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də artırılaraq 120 manat
müəyyən olunub.
Son 7 il ərzində icra olunan 5 sosial islahat
paketi nəticəsində Prezidentin aylıq təqaüdü 20 Yanvar şəhidlərinin ailə
üzvləri üçün 2,3 dəfə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün
3,5 dəfə, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan
şəxslərə qulluq edənlər üçün 2,4 dəfə, əlilliyi olan şəxslərə müavinətlər isə
4,6 dəfə artmışdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
tərəfindən ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar hadisələri
ilə əlaqədar əlilliyi olanlara 143 mənzil, 20 Yanvar hadisələri ilə əlaqədar
əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib. 20 Yanvar hadisələri
ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya xidmətləri ilə
təminatı da həyata keçirilir. Ölkə qanunvericiliyində şəhid ailəsi üzvləri,
eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər
üçün digər bir sıra imtiyaz və güzəştlər də əksini tapıb;
Hər il yanvarın 20-də saat 12:00-da
Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik
sükutla yad olunur. Bu an ölkənin hər guşəsində həyat sanki dayanır, xalq öz
şəhidləri qarşısında baş əyir. Gəmilərdən, avtomobillərdən və qatarlardan səs
siqnalları verilir, müəssisələrdə iş dayandırılır, insanların qəlbində hüzn və
qürur hissi bir araya gəlir. Həmin gün həmçinin dövlət bayraqları endirilir,
ölkə boyu matəm əhval-ruhiyyəsi hökm sürür. Bu rəmzi addımlar təkcə hüzn
ifadəsi deyil, həm də şəhidlərin müqəddəs ruhuna göstərilən dərin ehtiramın
dövlət səviyyəsində təsdiqidir.
Bu gün 20 Yanvar şəhidləri Azərbaycan xalqının
qəlbində azadlığın və müstəqilliyin rəmzi kimi yaşayır. Onların xatirəsi daim
ehtiramla anılır, qəhrəmanlıqları gələcək nəsillərə örnək göstərilir. Qanlı
Yanvar təkcə faciə deyil, həm də xalqın ləyaqət və azadlıq dərsidir. Azərbaycan
xalqı bu qanlı sınaqdan alnıaçıq çıxdı və sübut etdi ki, zor və terrorla onun
azadlıq istəyini boğmaq mümkün deyil.
Aybəniz Rüstəmova
Avrasiya universitetinin Humanitar fənlər və
regionşünaslıq
kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru,
dosent