İranın Naxçıvan Beynəlxalq Hava Limanına endirdiyi zərbə regionda gərginliyi daha da artırıb. Baş verən hadisə Azərbaycan-İran münasibətlərində ciddi narahatlıq yaradıb və təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.
Bu addım regionda eskalasiyanı gücləndirə və qonşu ölkələr arasında münasibətlərə mənfi təsir göstərə bilər.
Bəs İranın Naxçıvan hava limanına hücumu nə ilə izah olunur və bu addım region üçün hansı nəticələr vəd edir?
News365.az xəbər verir ki, məsələ ilə bağlı sabiq deputat Elşad Mirbəşiroğlu Sfera.az-a açıqlama verib. Onun sözlərinə əsasən, Naxçıvan hava limanının İran tərəfindən hücuma məruz qoyulması Azərbaycan-İran münasibətlərinin xarakterinə tam ziddiyyət təşkil edir:
“Xüsusilə də İranda çox aydın mövcud olan təsəvvür ondan ibarətdir ki, Azərbaycan hər zaman öz neytrallığını qoruyur. Regionda təhlükəsizlik məsələlərinin həllində, əməkdaşlığın inkişaf etdirilməsində ölkəmiz hər zaman təşəbbüskar rolunda çıxış edib. Azərbaycan heç bir halda öz ərazisindən İrana qarşı hər hansı bir formada istifadə edilməsinə icazə verməyib. Nəinki İrana qarşı olmaq, əksinə, əməkdaşlıq təşəbbüsləri ilə çıxış edib. Bu baxımdan İranın Naxçıvan hava limanına hücumlar təşkil etməsi heç bir məntiqə sığmır və bunu heç bir formada əsaslandırmaq mümkün deyil. Digər hallarda İran Səudiyyə Ərəbistanında, Birləşmiş Ərəb Əmirliklərində, Bəhreyndə və digər körfəz ölkələrində hücumların təşkilini onunla əsaslandırır ki, orada ABŞ-nin aviabazaları mövcuddur və həmin bazalardan İrana qarşı istifadə olunur”.

Eks parlamentari İranın Naxçıvana hücumunu qətiyyətlə pisləyib:
“Azərbaycan heç bir halda öz ərazisindən digər ölkələrə qarşı istifadə olunmasına icazə vermir. İranda da çox yaxşı bilirlər ki, bu istiqamətdə hər zaman Azərbaycana təzyiqlər göstərməyə çalışıblar. Amma ölkə Prezidenti heç bir zaman bu təzyiqlərlə razılaşmayıb və ərazimizdən İrana qarşı istifadəyə imkan verməyib. Eyni zamanda biz öz mövqeyimizdə də hər zaman bütün qonşularla konstruktiv münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olduğumuzu praktiki addımlarımızla sübut etmişik. Bu baxımdan İranın Naxçıvan hava limanına hücumunu qətiyyətlə pisləyirik. Bu, dinc qonşuluq münasibətlərinə ziddir və regionda çox ciddi fəsadlara gətirib çıxara biləcək addım kimi qiymətləndiririk”.