“Cəmiyyətin həyatında təhsil
önəmlidir. Təhsilin pullu olması əslində doğru deyil. Ancaq reallıq budur ki,
pullu təhsil də var. Ancaq təhsil ocaqlarında təhsil haqları əsla insanların
sosial vəziyyətinə, gəlirlərinə uyğun deyil. Həddən artıq yüksək təhsil haqqı
valideynləri borca, kreditə məcbur edir, həyatını məşəqqətə çevirir. Getdikcə
də bahalaşan təhsil haqları imkansız ailələri çətin vəziyyət salır”.
Bunu təhsil sahəsindəki
problemlərdən News365.az-a danışan sosioloq Sədaqət Əliyeva deyib.
O, hesab edir ki, pullu təhsil
sistemini tədricən pulsuz təhsillə əvəzləmək lazımdır:
“Təhsil sistemi inkişaf etməli,
alternativ yollar olmalıdır. Abituriyent imtahan verir, pullu təhsil ocağına
düşür, valideynlərinin imkanı olmadığına, özünə də iş olmadığına görə imtina
etməli olur. Ancaq təhsil sistemi elə qurulmalıdır ki, tələbə üçün alternativ
çıxış yolları qoyulsun. Demək olar ki, bütün pullu təhsil ocaqlarında
təhsilhaqqını bəribaşdan bütöv tələb edirlər. Bu da çox ağır yükdür. Təsəvvür
edək, bir ailədən 2 yaxud 3 nəfər pullu məktəbə düşübsə valideynləri bunu heç
cürə ödəmək imkanına malik olmur. Evini, mülkünü satmağa məcbur olur. Çünki
normal maaşlı iş yerləri yox dərəcəsindədir. Nadir adamlar var ki, qaneedici
maaş alır. Təhsil haqları aşağı salınmalı, güzəştlər edilməlidir. Xarici
ölkələrin demək olar ki, hamısında təhsilhaqqının bəri başdan hamısını tələb
etmirlər. İlin əvvəlində yarısını, sonunda da qalan hissəni ödəmək qaydası var”.
News365.az