Pensiya kapitalı yetərli olmayanların vəsaiti necə olur? - İqtisadçıdan açıqlama

Pensiya kapitalı yetərli olmayanların vəsaiti necə olur? - İqtisadçıdan açıqlama
15:00

Azərbaycanda yaşa görə əmək pensiyası hüququ qazanmaq üçün vətəndaşın ya minimum pensiya kapitalı toplaması, ya da ən azı 25 il sığorta stajına malik olması tələb olunur.

Mövcud qaydalara əsasən, minimum pensiya kapitalı 46 min 80 manat müəyyən edilib. Əgər vətəndaşın hesabında bu məbləğdən az vəsait varsa və eyni zamanda tələb olunan 25 illik sığorta stajı da tamamlanmayıbsa, o zaman həmin şəxs əmək pensiyası hüququ qazana bilmir və ona yalnız yaşa görə sosial müavinət təyin olunur.

Bəs bu halda vətəndaşın şəxsi hesabında toplanan pensiya kapitalının aqibəti necə olur?

Məsələ ilə bağlı iqtisadçı Günay Hüseynova News365.az-a açıqlamasında bildirib ki, belə hallarda vətəndaşın yalnız staj və kapital tələblərini tamamlamadığı üçün pensiya hüququ yaranmır və sosial müavinət təyin edilir.

Onun sözlərinə görə, vətəndaş çatışmayan sığorta stajını sonradan tamamladıqda yenidən müraciət edərək əmək pensiyası hüququ əldə edə bilər.

İqtisadçı pensiya hesabında toplanan vəsaitin taleyi ilə bağlı qeyd edib ki, bu istiqamətdə konkret mexanizm tam dəqiqləşdirilməyib. Onun fikrincə, gələcəkdə qanunvericilikdə dəyişiklik olarsa, toplanmış vəsaitin müəyyən hissəsinin ödənilməsi və ya fərqli qaydada tənzimlənməsi mümkündür.

G.Hüseynova həmçinin vurğulayıb ki, vətəndaşın vəfatı halında həmin vəsaitin vərəsələrə ötürülməsi və ya borcların qarşılanmasında istifadə olunması kimi mexanizmlər müzakirə oluna bilər.

İqtisadçı əlavə edib ki, Azərbaycanda özəl pensiya fondlarının yaradılması da gündəmdədir. Onun sözlərinə görə, bu model Türkiyədə tətbiq edilən “bireysel emeklilik” sisteminə bənzəyəcək.

Bu sistem çərçivəsində vətəndaşlar, o cümlədən işləməyən şəxslər də könüllü şəkildə vəsait toplayaraq gələcəkdə pensiya təminatı əldə edə biləcəklər. Vəfat halında isə yığılan vəsaitin mirasçılara ötürülməsi mümkün olacaq.

Ekspert hesab edir ki, özəl pensiya fondlarının yaradılması dövlət nəzarəti altında həyata keçirildiyi halda daha şəffaf və səmərəli mexanizm formalaşdıra bilər.


Sizin reklam burada
Sizin reklam burada