İran ABŞ-ni dəfələrlə atəşkəs rejimini pozmaqda və İranın ticarət gəmilərinə hücumlar təşkil etməkdə ittiham edib.
News365.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Qeyd olunub ki, ABŞ atəşkəs elan olunduqdan sonra da İranın ticarət gəmilərinə qarşı qanunsuz və ədalətsiz hərəkətlərini, eləcə də çoxsaylı dəniz quldurluğunu davam etdirib.
İran XİN Vaşinqtonu son 28 saat ərzində Hörmüz boğazı ətrafında atəşkəs rejimini kobud şəkildə pozmaqda da günahlandırıb. Bildirilib ki, baş verənlər Pakistanın vasitəçiliyi ilə aparılan diplomatik proses fonunda həyata keçirilib və bu, ABŞ-nin aldadıcı və xəyanətkar siyasətinin növbəti sübutudur.
“İran heç bir təcavüz aktına dözməyəcək və ölkənin maraqlarını qorumaq üçün tərəddüd etmədən addım atacaq”, – deyə bəyanatda vurğulanıb.
ABŞ Mərkəzi Komandanlığı – CENTCOM isə mayın 25-də ABŞ qüvvələrinin Hörmüz boğazı yaxınlığında İranın raket qurğularına və gəmilərinə qarşı özünümüdafiə məqsədilə zərbələr endirdiyini açıqlayıb.
CENTCOM nümayəndəsi Timoti Hokins CNN-ə bildirib ki, ABŞ hərbçiləri İran qüvvələrindən qaynaqlanan təhlükələrin qarşısını almaq üçün İranın cənubunda əməliyyat həyata keçirib.