Müdafiə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini vəzifəsindən bir neçə gün əvvəl azad edilən Oktay Babayev cinayət məsuliyyətinə cəlb olunub.
News365.az-ın əldə etdiyi məlumata görə, polkovnik dələduzluqda ittiham edilir.
Məlumata əsasən, iş üzrə zərərçəkmiş şəxs Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivinin və Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin sabiq rəisi, hazırda korrupsiya ittihamı ilə həbsdə olan mayor Ruhin Tağıyevdir.
İttihama görə, Oktay Babayev Ruhin Tağıyevdən onun sərəncama göndərilməsinin qarşısını alacağı vədi ilə 30 min manat alıb. Lakin bir müddət sonra Ruhin Tağıyev həbs olunub.
Şikayət əsasında Respublika Hərbi Prokurorluğunda istintaq aparılıb. İstintaqın yekununda Oktay Babayevə Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsi ilə, yəni qulluq mövqeyindən istifadə etməklə törədilmiş dələduzluq ittihamı irəli sürülüb. Həmin maddə üzrə cərimə və ya 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Bildirilib ki, əvvəllər Naxçıvan Hərbi Polis İdarəsinin rəisi vəzifəsində də çalışmış polkovnik 30 min manatın bir hissəsini ödəməyə razılıq verdiyi üçün barəsində həbs qətimkan tədbiri seçilməyib.
Hazırda cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Ruhin Tağıyevin cinayət işi də hazırda Bakı Hərbi Məhkəməsində araşdırılır və həmin iş üzrə hələlik hökm çıxarılmayıb.