Abşeron Rayon Polis İdarəsinin, eləcə də Saray, Mehdiabad və Qobu Polis Bölmələrinin əməkdaşları tərəfindən hüquqpozmalara qarşı əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçirilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyatlar zamanı 7 fakt müəyyən edilib. Eyni zamanda, mülkiyyət əleyhinə və digər səbəblərdən axtarışda olan 36 nəfər saxlanılıb, “isti izlərlə” 37 cinayətin üstü açılıb.
Küçə ticarəti, avaralıq və dilənçiliklə bağlı 136, xırda xuliqanlıq və kibercinayətlərlə əlaqədar isə 43 fakt aşkar edilib. Aparılan profilaktik tədbirlər nəticəsində vətəndaşların könüllü şəkildə təhvil verdiyi odlu silah-sursatlar da polis orqanlarına təqdim olunub.
Abşeron RPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı spirtli içki və narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 2, nəqliyyat vasitələrinin konstruksiyasını qanunsuz dəyişən 18, dayanma-durma qaydalarını pozan bir sıra sürücülər barəsində inzibati tədbirlər görülüb.
Abşeron rayonu ərazisində bu istiqamətlərdə əməliyyat və profilaktik tədbirlər davam etdirilir.