Mediada çalışdığım zaman yanıma jurnalist olmaq istəyən 3-4 gənc göndərdilər. Bunlarla ilk söhbətdə gördüm ki, hər biri efirə çıxmaq, aparıcı olmaq arzusundadır. Hər bir gəncin parlamaq arzusu çox yaxşıdır. Bu istəklərini təbii qarşıladım. Daha sonra soruşdum ki, sonuncu dəfə hansı siyasi və yaxud iqtisadi mövzuda mütaliə etmisiniz. Kitab oxumamısınızsa, heç olmasa analitik məqalə oxumusunuzmu? Məlum oldu ki, siyasi sahədə jurnalist olmaq istəyən bu gənclərdən heç biri son 2 il ərzində bir kitab oxumayıb.
Daha sonra təklif etdim ki, mənim kitab rəfimdə olan kitabları götürüb oxusunlar və sonra müzakirə edək. Zaman keçdi və o gənclərdən biri istisna olmaqla, heç kim o kitab rəfinə yaxınlaşmadı. Jurnalist peşəsi həkim peşəsi kimidir. İnsandan davamlı mütaliə, davamlı özünü təkmilləşdirmə tələb edir. Bu olmadığı təqdirdə söz bazası zəif olur və bu, son nəticədə efirlərin zəifləməsinə, materialların quru olmasına gətirib çıxardır.
Bu gün diksiya və sairə dil qaydaları ilə bağlı "master klass"lar çox yaxşıdır. Ancaq bu, sadəcə avtomobil sürücüsünə yol hərəkəti qaydalarını öyrətmək kimidir. Yalnız yol hərəkəti qaydalarını bilən sürücü, qəza anları və fors-majorlarda verməli olduğu refleksləri təkmilləşdirmədən effektiv ola bilməz.
Hazırda isə efirlər kifayət qədər canlanıb və sürətlənib, saatbaşı jurnalistlər hadisə yerlərindən xəbər verirlər. Bu xəbərlərin çatdırılması zamanı effektiv olmaq yalnız söz bazasını mütaliə ilə genişləndirməklə mümkündür.