"Ermənistan mina xəritələrini verməməklə humanitar hüququ pozur" - Politoloqdan şərh

"Ermənistan mina xəritələrini verməməklə humanitar hüququ pozur" - Politoloqdan şərh
15:30

Ermənistanın mina xəritələrini Azərbaycana təqdim etməkdən sistemli şəkildə imtina etməsi artıq sırf humanitar məsələ çərçivəsindən çıxaraq açıq siyasi münasibət mövzusuna çevrilib.

Bu barədə politoloq Ülviyyə Zülfüqar News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, bir neçə gün əvvəl Azərbaycanın mülki şəxslərinin minaya düşməsi problemin nə qədər real və təhlükəli olduğunu bir daha sübut edir. Politoloq qeyd edib ki, müharibə başa çatdıqdan sonra belə insanların həyatını itirməsi və ya ağır xəsarətlər alması Ermənistanın üzərinə düşən elementar humanitar öhdəlikləri yerinə yetirmədiyini açıq şəkildə göstərir.

Ülviyyə Zülfüqar vurğulayıb ki, bu yanaşma beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə, xüsusilə də mülki şəxslərin qorunması ilə bağlı müddəalara ziddir. “Faktiki olaraq, Azərbaycan mina təmizlənməsi və bərpa işlərini sürətlə aparır, regionda normal həyata dönüş üçün ciddi addımlar atır. Lakin mina təhlükəsi hələ də insanların həyatını risk altında saxlayır,” – deyə o əlavə edib.

Politoloq beynəlxalq ictimaiyyətin bu məsələdə nümayiş etdirdiyi passivliyin də ciddi narahatlıq doğurduğunu bildirib. Onun fikrincə, münaqişə dövründə aktiv bəyanatlar verən, humanitar dəyərlərdən danışan bir çox beynəlxalq qurum və dövlətlər mina xəsarətləri kimi konkret və həyati əhəmiyyət daşıyan mövzuda ya susur, ya da ikili standartlar nümayiş etdirirlər.


Sizin reklam burada
Sizin reklam burada