2020-ci il ikinci Qarabağ müharibəsindən sonra Ermənistan ordusunda ciddi islahatlar və modernləşmə prosesi başlayıb. Politoloqlar hesab edirlər ki, bu proses birbaşa Azərbaycana qarşı yönəlməsə də, Ermənistanın hərbi potensialını gücləndirmək və yeni hərbi struktur modelini formalaşdırmaq məqsədini daşıyır. Yeni raket və silah alımları, həmçinin ordunun modernləşdirilməsi bu strategiyanın əsas hissəsini təşkil edir.
Politoloq Elnur Ənvəroğlu News365.az-a açıqlamasında Ermənistanın hərbi islahatlarına və ordusunun modernləşmə prosesinə münasibət bildirib.

O qeyd edib ki, 2020-ci il ikinci Qarabağ müharibəsindən sonra Ermənistan ordusunun zəif tərəfləri açıq şəkildə üzə çıxıb: “Həmin müharibə zamanı Ermənistan böyük silah itkisinə məruz qaldı və ordusu demək olar ki, paraliz vəziyyətinə düşdü. Hal-hazırda aparılan islahatlar birbaşa Azərbaycana qarşı yönəlmiş deyil. Bu, yeni Ermənistan modelinin yaradılması və ordusunun gücləndirilməsi ilə bağlı davam edən prosesdir”.
E.Ənvəroğlu vurğulayıb ki, Ermənistan Müdafiə Nazirliyi bir neçə gün əvvəl yeni erməni əsgər uniformasını təqdim edib ki, bu da keçmiş rus silahlarından aralanma və müəyyən yenilənmiş texnologiyalara keçid kimi dəyərləndirilə bilər. Politoloq qeyd edib ki, Hindistandan alınan raketlər NATO standartlı olmasa da, qiymət və texnologiya baxımından orta səviyyəli, qərb istehsalı raketlərə alternativ sayılır.
“Ermənistan ordusunun modernləşməsi həm suverenlik, həm iqtisadi inkişaf, həm də hərbi arsenalın gücləndirilməsi baxımından strateji addımdır. Bu prosesin davamı 2020-ci ildən etibarən görülür və hələ də aktiv şəkildə davam etdirilir”, – deyə politoloq əlavə edib.