İranda mövcud siyasi rejimin davamlılığı və ölkədəki vəziyyətlə bağlı müzakirələr səngimir.
Politoloq Oqtay Qasımov News365.az-a açıqlamasında bildirib ki, rejim həm cəmiyyət daxilində formalaşır, həm də zamanla dəyişir, lakin onun əsas mövcudluq səbəbi zorakılıqdır.

O.Qasımovun sözlərinə görə, ABŞ-nin sabiq prezidenti Donald Tramp da bunu açıq şəkildə ifadə edib:
“Bu rejimdən faydalanan milyonlarla insan var. Eyni zamanda rejimi qoruyan, ona sədaqətlə bağlı olan qruplar mövcuddur. Güc strukturları və maliyyə resursları müəyyən təbəqələrin əlində cəmləşib”.
Politoloq qeyd edib ki, rejimi dəstəkləyən və zorakılıqda birbaşa iştirak edən qrupların sayı az deyil:
“Əslində, insanlar üzərinə birbaşa atəş açan, yerindəcə öldürənlər radikal və faşist düşüncəli qruplardır. Bu qrupların sayı yüz minlərlə ölçülür”.
Oqtay Qasımovun bildirdiyinə görə, İrandan daxil olan qeyri-rəsmi məlumatlarda ölənlərin sayının çox yüksək olduğu iddia edilir:
“Müxtəlif mənbələrdə 5 mindən artıq insanın öldüyü ilə bağlı məlumatlar var. Bu rəqəmlərin şişirdildiyini deyənlər də mövcuddur, lakin bunu dəqiq sübut etmək mümkün deyil”.
Politoloq vurğulayıb ki, İran qapalı rejim olduğu üçün real vəziyyəti müəyyənləşdirmək çətindir:
“Ölkə faktiki olaraq dünya ilə əlaqəni kəsib, internet tamamilə bağlanıb. Yeni mərhələdə isə İran əhalisinin böyük əksəriyyətinin sosial şəbəkələrə çıxışının məhdudlaşdırılması ilə bağlı ilkin hazırlıqların görüldüyü barədə məlumatlar yayılır”.
Onun fikrincə, bu addımlar ölkə daxilində baş verən proseslərin beynəlxalq ictimaiyyətdən gizlədilməsinə xidmət edir.