Sabiq millət vəkili Tahir Kərimli siyasi inam və insanlara etibar mövzusu ilə bağlı fikirlərini açıqlayıb.
News365.az xəbər verir ki, TV365 kanalında qonaq olan Tahir Kərimli bildirib ki, o, insanlara tez inanır və bu xüsusiyyətinin dəfələrlə məyusluqla nəticələndiyini anlayır. Buna baxmayaraq, inanmaqdan imtina etmədiyini deyib.
Kərimli qeyd edib ki, yaxın çevrəsi ilə söhbət zamanı siyasi baxışlarını da açıq şəkildə ifadə edib:
“Dünən yaxın adamlarıma dedim ki, əlimdə səlahiyyət olsaydı, Real Partiyasının sədri Natiq Cəfərlini Baş nazir təyin edərdim. Çünki mən ona inanıram.”
Sabiq deputatın sözlərinə görə, ona etiraz edənlər də olub və bildiriblər ki, hakimiyyət və imkan əldə edən hər kəs zamanla dəyişə bilər. Tahir Kərimli isə inanmağın insanın xarakterindən və mənəvi kökündən gəldiyini vurğulayıb:
“Deyirlər ki, inandığın adamın əlində imkan yarananda o da dəyişə bilər. Amma inanmaq bizim genetikamızda, canımızdadır.”
Tahir Kərimli əlavə edib ki, şəxsi həyatında çox inanan biri olduğu üçün dəfələrlə aldadılıb, lakin buna baxmayaraq, xalqına olan inamını heç vaxt itirməyib:
“Mən çox inanan adamam və dəfələrlə aldadılmışam. Amma bir şeyə qəti inanıram – xalqım gözəldir, bolluq və xeyirxahlıq onun təbiətində var.”