İranda baş verən son proseslər fonunda Prezident Məsud Pezeşkianın mövqeyi ilə bağlı müzakirələr davam edir.
Politoloq Rəşad Əliyev News365.az-a açıqlamasında bildirib ki, Ali dini lider Ayətullah Xameneinin Məsud Pezeşkian haqqında səsləndirdiyi fikirlər əslində onun hazırkı siyasi mövqeyini əks etdirir və mövcud şəraitdə fərqli yanaşma nümayiş etdirmək real deyil.

R.Əliyevin sözlərinə görə, etirazların ilk günlərində Məsud Pezeşkian Xameneidən fərqli mövqe ortaya qoyurdu:
“Hadisələrin başlanğıcında Pezeşkian açıq şəkildə bildirirdi ki, baş verənlərin səbəbini yalnız xarici müdaxilədə axtarmaq düzgün deyil. O vurğulayırdı ki, əgər vaxtında əhali üçün normal sosial-iqtisadi şərait yaradılsaydı, iqtisadiyyatın çökməsinə, korrupsiya və rüşvətin dərinləşməsinə yol verilməsəydi, xarici müdaxilə olsa belə, proseslər bu qədər genişmiqyaslı olmazdı”.
Politoloq qeyd edib ki, Pezeşkian bu fikirləri Xameneinin hadisələrin arxasında birbaşa ABŞ-ın dayandığını bildirdiyi dövrdə səsləndirirdi və bununla da fərqli mövqeyini açıq şəkildə nümayiş etdirirdi.
Rəşad Əliyevin fikrincə, hazırkı mərhələdə belə bir fərqli mövqe sərgiləmək mümkün deyil:
“Hazırda birbaşa xarici təhlükə mövcuddur. Donald Tramp açıq şəkildə İrana müdaxilədən danışır, Xameneinin hakimiyyətdən getməli olduğunu bildirir və onu qeyri-adekvat şəxs kimi təqdim edir. Belə bir fonda Məsud Pezeşkianın fərqli mövqe nümayiş etdirməsi ölkə daxilində parçalanmaya və həm onun özünün, həm də hakimiyyətinin təhlükə altına düşməsinə səbəb ola bilər”.
Politoloq əlavə edib ki, məhz bu səbəbdən Məsud Pezeşkian hazırda ümumi dövlət mövqeyini ortaya qoymağa məcburdur.