Ukrayna müharibəsi və mümkün sülh perspektivləri ilə bağlı müzakirələr davam edir.
Politoloq Aytən Qurbanova News365.az-a açıqlamasında bildirib ki, hazırkı mərhələdə Ukrayna ilə bağlı tətbiq olunan beynəlxalq təzyiq mexanizmləri əvvəlki dövrlərlə müqayisədə daha zəif görünür.
A.Qurbanovanın sözlərinə görə, rəsmi sənədlərdə Ukraynanın yenidən qurulması, silahlandırılması və sonadək mübarizə aparacağına dair mövqelər yer alsa da, faktiki vəziyyət fərqlidir: “İşğalçı qüvvələrlə bağlı müxtəlif formatlarda, o cümlədən Minsk prosesi çərçivəsində gündəmə gətirilən məsələlər yenidən müzakirə olunur. Paralel olaraq Qarabağla bağlı araşdırmaların da gündəmə gəlməsi diqqət çəkir”.
Politoloq qeyd edib ki, son dövrlər Ukraynadakı vəziyyətin qlobal mediada əvvəlki qədər geniş müzakirə olunmaması təsadüfi deyil: “Bu, onu göstərir ki, qlobal maraqların bu mərhələdə Ukrayna üzərindən əvvəlki intensivliklə davam etdirilməsi çətinləşib. Təzyiq mexanizmlərinin real və təsirli forması hazırda müşahidə olunmur”.
A.Qurbanova vurğulayıb ki, ABŞ və Rusiya arasında yanaşmalar fərqlidir və hər tərəf öz maraqlarını qorumağa çalışır: “ABŞ-dən daha çox Avropanın üzərinə məsuliyyət qoyulur. Növbəti mərhələdə Avropanın atacağı addımlar Rusiyanın mövqeyinin güclənməsinə də şərait yarada bilər”.
Politoloqun fikrincə, indiki reallıqlar fonunda Rusiyanın açıq şəkildə qalib tərəf elan edildiyini demək mümkün olmasa da, ilkin atəşkəs şərtlərində Ukraynanın müəyyən güzəştlərə getməsi qaçılmaz görünür: “Ukrayna razılaşma prosesində Krım, Donetsk və Luqansk bölgələri ilə bağlı müəyyən güzəştlərə razılaşmağa məcbur qala bilər. Mövcud vəziyyət bunu tələb edir”.