“Paşinyan istəsə də, istəməsə də Putini qəbul etməyə məcbur olacaq”- Elçin Alıoğlu

“Paşinyan istəsə də, istəməsə də Putini qəbul etməyə məcbur olacaq”- Elçin Alıoğlu
02 İyn 2025 13:04

Ermənistanın Baş naziri Nikol Paşinyan istəsə də, istəməsə də Rusiya Prezidenti Vladimir Putini qəbul etməyə məcburdur. Bu qəbulun yaxın iki ay ərzində baş tutacağı ehtimal olunur.

Bu fikirləri politoloq Elçin Alıoğlu News365.az-a açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, hazırkı geosiyasi vəziyyətdə Paşinyanla Putin arasında birbaşa və ciddi təmasların baş verməsinə ehtiyac var:

“Rusiya tərəfindən Ermənistanın Qərbə inteqrasiyasına qarşı çıxmaq absurddur. Ermənistan nə Rusiyanın quberniyası, nə də protektoratıdır. Bu ölkə müstəqil siyasət yürütmək hüququna malik bir dövlətdir.”

Politoloq qeyd edib ki, Ermənistanın Qərblə münasibətlərini aktivləşdirməsi və diplomatik təşəbbüslərini genişləndirməsi beynəlxalq hüququn çərçivəsindədir. Onun sözlərinə görə, Rusiyanın bu yanaşmaya qarşı sərt münasibəti neoimperialist və neosovinist düşüncənin təzahürüdür və bu, qəbuledilməzdir.

“İstəsək də, istəməsək də, bu məsələdə Ermənistanın müstəqil qərarlarını dəstəkləməliyik. Çünki söhbət suveren dövlətin daxili və xarici siyasət seçimlərindən gedir.”

Elçin Alıoğlu hesab edir ki, Rusiya hazırda Ukraynadakı müharibəyə fokuslansa da, gələcəkdə diqqətini Mərkəzi Asiya, Moldova və Cənubi Qafqaza yönəltməyi planlaşdırır:

“Cənubi Qafqaz regionu Moskvanın maraq dairəsində qalmaqda davam edir. Ukrayna müharibəsi başa çatdıqdan sonra bu istiqamətdə daha fəal siyasət yürüdüləcəyi gözlənilir.”

Politoloq Paşinyanın siyasi xəttini də dəyərləndirib:

“Paşinyanın çıxışlarını izləyəndə elə təsəvvür yaranır ki, sanki İtalyan neorealizminin və ya Paolo Pazzolininin filmlərinə baxırsan. Onun siyasəti qəribə, bəzən isə tragik-komik xarakter daşıyır. Putin də onu məhz bu səbəbdən ciddi qəbul etməyə məcbur qalır.”


Sizin reklam burada
Sizin reklam burada