Politoloq Bakir Həsənbəyli ABŞ–İran münasibətləri və İranın daxili siyasi proseslərini şərh edib.
News365.az-a açıqlama verən ekspert bildirib ki, ABŞ-ın mərhələli şəkildə irəli sürdüyü məqsəd və prinsiplərin böyük hissəsinə artıq nail olunub və prosesin rəsmiləşməsi yalnız zaman məsələsidir.
Onun sözlərinə görə, beynəlxalq siyasətdə tam razılaşdırılmayan və bütün tərəflər tərəfindən qəbul edilməyən proseslərin uzunmüddətli davam etməsi çətindir.

B. Həsənbəyli ABŞ–İran qarşıdurmasına da toxunaraq bildirib ki, bu münasibətlər daxili və xarici aktorların təsiri ilə formalaşan, müəyyən mənada razılaşdırılmış bir münaqişə kimi xarakterizə oluna bilər.
Ekspertin fikrincə, İranın beynəlxalq münasibətlərdə daimi müttəfiqlərdən çox, maraqlar əsasında əməkdaşlıq etdiyi ölkələr var və bu səbəbdən bir çox dövlətlər Tehrana dair mövzularda yalnız bəyanatlarla kifayətlənir.
Politoloq həmçinin İranın daxili siyasi vəziyyətinə də diqqət çəkib. O bildirib ki, hazırkı şəraitdə SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu)-ın ölkədə siyasi, hərbi və təhlükəsizlik sahələrində təsirinin artdığı görünür.
Onun sözlərinə görə, ölkənin ali dini lideri Əli Xameneinin ritorikasında da SEPAH xəttinin daha çox hiss olunduğu müşahidə edilir.
B. Həsənbəyli qeyd edib ki, İranın siyasi sistemi daxilində prezident və hökumət əsasən icraedici funksiyanı yerinə yetirir və qərarvermədə məhdud rol oynayır.
O əlavə edib ki, uzun illər ərzində İranın siyasi idarəetməsində müxtəlif institutlar arasında balans mexanizmi formalaşıb və bu sistem çərçivəsində zaman-zaman müxtəlif qurumlar ön plana çıxarılıb.
Politoloq News365.az-a açıqlamasında bildirib ki, İran daxilində güc balansı və qərarvermə mexanizmləri mürəkkəb və çoxşaxəlidir.