Xəbər
verdiyimiz kimi Böyük Britaniyanın kralı III Çarlz ailəsi ilə birgə ABŞ-a səfərə
gəlib. Və səfər çərçivəsində bir sıra maraqlı məqamlar yaşanıb.
Səfər barədə
düşüncələrini yazan İbrahim Nəbioğlu qeyd edir ki, Kralı III Çarlzın ABŞ
Konqresindəki çıxış ciddi siyasi rezonans doğurdu və dəfələrlə alqışlarla kəsildi:
“Xüsusilə
onun qlobal təhlükəsizlik, Avropa ilə tərəfdaşlığın bərpası və Ukraynaya dəstək
mövzusundakı fikirləri zalda güclü qarşılıq tapdı. Ukrayna xalqının qəhrəmanlığından
bəhs edərkən belə, fərqli mövqeyi ilə tanınan J. D. Vance ayağa qalxaraq
alqışlamağa məcbur qaldı. Bu detal çıxışın emosional və siyasi təsir gücünü
açıq göstərir.
Kralın
ritorikası klassik Britaniya diplomatiyasının ənənəvi xəttini xatırladır:
balanslı, amma prinsipial. Onun çıxışında ABŞ-Avropa münasibətlərinin zəifləməsinin
risklərinə açıq işarə vardı. Eyni zamanda, Ukrayna məsələsi sadəcə regional
münaqişə kimi deyil, daha geniş geosiyasi sabitlik kontekstində təqdim olundu.
Maraqlıdır
ki, Donald Trump-ın siyasi xəttinə yaxın duran dairələrdə belə bu çıxışa açıq
etiraz müşahidə olunmadı. Bu isə göstərir ki, Kralın mesajı partiyalarüstü
rezonans yaratmaq qabiliyyətinə malikdir. ABŞ daxilində isə o, xüsusilə
demokratlar və mötədil respublikaçılar arasında rəğbət qazanır.
Buna
baxmayaraq, onu Trampın “əsas siyasi rəqibi” kimi təqdim etmək analitik
baxımdan şişirtmə olar. Çünki Kral konstitusion monarxdır və birbaşa siyasi rəqabət
subyekti deyil. Lakin onun simvolik təsir gücü və beynəlxalq auditoriyaya çıxışı,
müəyyən mənada, siyasi diskursu formalaşdırmaq potensialına malikdir”.
News365.az