Azərbaycan Avropa Şurasının (AŞ) "İnsan orqanlarının alverinə qarşı Konvensiya"sına qoşulur.
News365.az xəbər verir ki, konvensiyanın ratifikasiyası haqqında qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilərək bir oxunuşda qəbul olunub.
Qeyd edilib ki, AŞ-nin adıçəkilən konvensiyası 25 mart 2015-ci il tarixində Santiaqo-de-Kompostela şəhərində imzalanıb. Sənəd preambula və 33 maddədən ibarətdir.
Konvensiyanın məqsədi insan orqanlarının alverinin qarşısının alınması və onunla mübarizə aparılması, bu sahədə müəyyən əməllərin kriminallaşdırılmasının təmin edilməsi, habelə qurbanların hüquqlarının müdafiəsi və tərəflər arasında milli və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir. Konvensiya transplantasiya məqsədləri və digər məqsədlər üçün insan orqanlarının alverinə, həmçinin qanunsuz götürülmə və qanunsuz implantasiya formalarına tətbiq edilir.
Konvensiyada insan orqanlarının qanunsuz götürülməsi və istifadənin qarşısının alınması, donor və resipientin qanunsuz axtarışı və cəlb edilməsi, qanunsuz üstünlüklərin təklif və ya tələb edilməsi, habelə qanunsuz götürülmüş orqanların hazırlanması, saxlanması, daşınması, ötürülməsi, qəbulu, idxalı, ixracı kimi əməllərlə bağlı cinayət məsuliyyətinin müəyyən edilməsi nəzərdə tutulur. Eyni zamanda bu cinayətlərin törədilməsinə köməklik, təhrikçilik və cəhd halları da əhatə olunur.
Sənəddə cinayətlərin istintaqı və təqibi, qarşılıqlı hüquqi yardım və ekstradisiya məsələləri, habelə beynəlxalq əməkdaşlığın təmin edilməsi ilə bağlı müddəalar təsbit olunub. Həmçinin, cinayət nəticəsində əldə edilmiş gəlirlərin müsadirəsi, zərərçəkmiş şəxslərin hüquqlarının qorunması, onların fiziki, psixoloji və sosial bərpasına yardım göstərilməsi, eləcə də şahidlərin müdafiəsinin təmin olunması ilə bağlı müddəalar əksini tapır.
Qanun layihəsinə əsasən, Azərbaycan bəyan edir ki, konvensiyanın müddəaları Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşana və münaqişənin nəticələri tamamilə aradan qaldırılana qədər bu ölkəyə münasibətdə tətbiq olunmayacaq.