Öcalanın çağırışı oxundu – PKK buraxılmalıdır

Öcalanın çağırışı oxundu – PKK buraxılmalıdır
18:30

Öcalanın çağırışı oxundu – İnsanlar göz yaşlarını saxlaya bilmədi

News365.az xəbər verir ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının oktyabrın 22-də Türkiyə Böyük Millət Məclisində terror təşkilatı PKK-nın lideri Abdullah Öcalanla bağlı verdiyi açıqlamadan sonra başlanan proses yekunlaşıb. DEM Partiyasının İmralı heyəti bu səhər üçüncü dəfə adaya səfər edib və Öcalanın çağırış mətni ictimaiyyətə təqdim olunub.

Öcalanın mesajı oxunduğu anda onun fotosu proyeksiya edilib və bu anlarda iştirakçıların bəzilərinin göz yaşlarına hakim ola bilmədiyi bildirilir.

Öcalan çağırışında terror təşkilatı PKK-nın artıq mənasız hala gəldiyini və silahlı mübarizənin dayandırılmasının vacibliyini vurğulayıb:

"Bütün qruplar silahlarını yerə qoymalıdırlar."

Öcalan çıxışında PKK-nın tarixi köklərinə və müasir dövrdəki mövqeyinə də toxunub. O bildirib ki, təşkilat XX əsrin ən şiddətli dövründə – iki dünya müharibəsi və soyuq müharibənin təsiri altında formalaşıb. Lakin 1990-cı illərdən etibarən real-sosializmin çöküşü və ifadə azadlığının genişlənməsi PKK-nın fəaliyyətini mənasız hala gətirib.

Öcalan eyni zamanda, türklərlə kürdlərin tarixi ittifaqına diqqət çəkərək bu münasibətlərin qardaşlıq ruhunda yenidən qurulmasının vacibliyini vurğulayıb:

"Son 200 il ərzində kapitalist müasirliyi bu ittifaqı parçalamağa çalışıb. Bu gün əsas vəzifə tarixi münasibətləri qardaşlıq prinsipləri əsasında bərpa etməkdir."

O, demokratik cəmiyyətin qurulmasının qaçılmaz olduğunu və millətçi hərəkatın nəticələrinin real həll yolu olmadığını qeyd edib.

Öcalanın çağırışı və DEM Partiyasının açıqlamaları Türkiyədə geniş müzakirələrə səbəb olub.


Sizin reklam burada
Sizin reklam burada