Bəzi videolar, fotolar qarşıma çıxır. Adamlar (guya "möminlər") camaat namazında ön səfdə durmaqdan ötrü basabas yaradırlar. Hətta Mədinə məscidinin qapısı açılanda qapı ağzına toplaşmış qocaman adamlar bir-birini tapdalayaraq irəli can atırdılar. Peyğəmbər müsəlmanları namaza təşviq etmək üçün deyib ki, ön cərgədə namaz qılanların savabı daha çox olacaq. İndi bu savaba tamahkar möminlər də istəmir ki, müsəlman qardaşı o savabı qazansın, onu ayaqlayıb qabağa keçmək istəyir. Özü də harada? Peyğəmbər məscidində. Məgər Peyğəmbər deməyibmi ki, kim bir mömin qardaşını özündən artıq sevməsə o əsl mömin deyil?
Yaxud Kəbədə Qara Daşa əl sürtmək üçün qadın - kişi demədən, bədənləri, yarıçılpaq əzaları ilahi dərgahda sarmaş-dolaş olmağın harası əxlaq oldu, mərifət oldu? Nə qədər vəhşi, nə qədər cahil ümmət olduq biz? Əhalimizin normal növbəyə durmaq mədəniyyətinin olmamasını qınayırdım. Çünki vağzalda, çörək alanda, xəstəxanada, hətta ayaqyolu növbəsində hamını dalaşan, didişən görmüşəm. Fotolarda, videolarda görmüşəm ki, səliqəli növbəyə, sıraya əsasən Avropada, Çində, Yaponiyada, hətta Rusiyada durmağı bacarırlar. Müsəlman ölkələrində yol vermək, sıraya durmaq, növbə gözləmək yoxdur. Çünki müsəlman üçün ən müqəddəs yer olan Kəbənin ətrafında belə hamı bir - birini ayaqlayırsa, məsciddə ön cərgəni zəbt etmək üçün başqalarına mane olursa, çörək növbəsində hansı qanacağı gözləmək olar? Demək biz də ona görə xristianlar kimi mədəni növbəyə dura bilmirik. Hansı xəstəxanaya gedirəmsə hətta camaat qəbzdə yazılmış sıra növbəsinə belə riayət etmir. Hamı süni imtiyaz axtarır ki, başqasını ayaqlasın, başqasından öndə olsun. Vəhşilikdir. Hələ minimum 250 il var ki, normal növbə mədəniyyəti öyrənək. Dar və ensiz küçədə yerləşən məsciddə cümə namazına yüzlərlə adam gəlir, əksəriyyəti də maşınla. Yol kəsilir, camaat zülm çəkir. Bir dəfə istədim yol göstərəm, başa salam, sosial şəbəkələrdə, yutubda üstümə onlarla İŞİD xislətli vəhhabi, SEPAH düşüncəli irançı gəldi. Dedilər yaxşı edirik yolu kəsirik, qoy hamı görsün ki, biz namaz qılırıq. Belələrinin namazı haqqında Quranda Allah buyurur: "Vay olsun o namaz qılanların halına!" (Maun surəsi, 4)
Niyə Kəbədə bu çaxnaşma, bu ədəbsizliyi edirlər? Məgər bu basabasın, çaxnaşma ənənəsinin bünövrəsini Peyğəmbərmi qoyub? Əsla elə deyil. Qara Daşı öpmək yaxud əl sürtmək Həcc ibadətinin vacib hissəsi yaxud şərti deyil, sadəcə adətdir, buna sünnət deyirlər. Müsəlmanların çoxu daxilən bütpərəstliyə meylli olduğu üçün Həccin mahiyyətini əsas ibadətlərdə, mənəvi zənginləşmədə, təvaf edib zikr etməkdə yox, sadəcə əli Daşa sürtməkdə görür. Nədənsə müsəlman daha çox daşa meyllidir. Necə ki, minlərlə adam var, məsciddə namaz qılıb Allahdan istəmir, təzə pir gəzir, gedib dağda ayaq izi, ağac budağı axtarır ki, əlini sürtüb qara bağlasın.
Ən əsas isə Qara Daşa əl sürtmək üçün hamı bir - birini elə itələyir, sanki digərləri müsəlman deyil, insan deyil. Bəs qardaş idik, harada qaldı o qardaşlıq? Əsl qardaş əvvəlcə qardaşını irəli verməli, onu düşünməli deyildimi? Bəs harda qaldı o qardaşlıq ki, savab tamahı, Cənnət tamahı güc gəldi, qadın, qoca demədən yara-yara, ayaqlaya - ayaqlaya, bəzən də bitişmiş kütlənin çiyinləri üstündə Daşa doğru üzürsən?
Fərdi savab qazanmaqda yarışmaq olar. Amma kollektiv savab məsələsində gərək tamahına qalib gələsən. Başqasını itələyib yerinə keçmək yaxud yol verməmək o deməkdir ki, qoy sənə yox, yalnız mənə olsun. Bu da İslam deyil. Heç buddizmdə də belə şey yoxdur. Bunun adı sadəcə, ibtidai icma quruluşundan, mağara dövründən qalma vəhşilikdir, vəssalam.
Tural İrfan, dinşünas