Nəqliyyat sektorunda ESG prinsiplərinə keçid: Dünya və biz - ARAŞDIRMA

Nəqliyyat sektorunda ESG prinsiplərinə keçid:  Dünya və biz - ARAŞDIRMA
23 İyn 2024 19:49

 

Dünyamız ekoloji fəlakətlə üz-üzə qalıb. Antropegen təsirlər nəticəsində iqlim dəyişikliyi neqativ istiqamətdə inkişaf edir. Nəzərə alaq ki, 1883-cü ildən 2023-cü ilə qədər sənayeləşmə və digər amillər hesabına dünyada havanın teperaturu 2,5-3 dərəcə yüksəlib. Bu gedişlə 2100-cü ildə havanın temperature daha 5 dərəcə artacaq. Bu hesaba da səhralaşma daha böyük miqyas alacaq, buzlaqlar əriyəcək, təbii fəlakətlərin sayı artacaq. Ən əsası isə milyonlarla insan və hətta ayrı-ayrı ölkələr ekoloji fəlakətin qurbanına çevriləcək.

Təəssüflə deməliyik ki, bu günün özündə belə vəziyyət ürək açan deyil. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə hər il 8 milyon insan ekoloji amillər üzündən həyatını itirir. Maraqlıdır ki, hazırda atmosferə ən çox karbon emissiyaları buraxan ölkələr dünyanın ən inkişaf edən dövlətləridir. Məsələn, Çin 14 milyard tondan çox, ABŞ 6 milyard ton, Hindistan 3,5 milyard ton,  Avropa Birliyi 3,4 milyard ton, Rusiya 2 milyard ton, Yaponiya isə 1,170 milyard ton CO2 emissiyası buraxır.

Atmosferə atılan karbon emissiyalarının 1/5-i nəqliyyat sektorunun payına düşür. Beləki, nəqliyyatın qlobal karbon dioksid (CO2) emissiyalarında payı 24%-dir.Məlumdur ki, benzin və dizel kimi qalıq yanacaqların yandırılması atmosferə istixana qazı olan karbon dioksidi buraxır. Karbon dioksid (CO2) və metan (CH4), azot oksidi (N2O) və hidrofluorokarbonlar (HFCs) kimi digər istixana qazlarının yığılması Yer atmosferinin istiləşməsinə səbəb olur, Ona görə də qlobal iqlim dəyişikliyi ilə üz-üzə qalırıq.

Nəqliyyatdan yaranan istixana qazı (İQ) emissiyaları ABŞ-ın ümumi istixana qazı emissiyalarının təxminən 28 faizini təşkil edir. Bu da nəqliyyatı ABŞ-ın istixana qazı emissiyalarının ən böyük payçısına çevirir.

Son 30 ildə nəqliyyat sektorunda İXQ emissiyaları digər sektorlara nisbətən mütləq şəkildə daha çox artıb. 2021-ci ildə Aİ-nin bütün nəqliyyat İHQ emissiyalarının (daxili nəqliyyat və beynəlxalq bunkerlər daxil olmaqla) 76%-ni buraxır. Üzv dövlətlərdə mövcud və planlaşdırılan tədbirlərin əksəriyyəti avtomobil nəqliyyatına yönəldiyi üçün bu pay avtomobil nəqliyyatı digər nəqliyyat növləri ilə müqayisədə daha sürətli karbonsuzlaşdığından azalacağı gözlənilir. 2030-cu ilə qədər ən böyük artımlar aviasiya sektorunda, ondan sonra isə beynəlxalq dəniz nəqliyyatında proqnozlaşdırılır, çünki bunlar milli siyasətlərdə prioritet deyil. Buna görə də bu alt sektorların gələcək illərdə nəqliyyat sektoru emissiyalarının daha yüksək hissəsini təşkil edəcəyi gözlənilir.

Bəs, vəziyyətdən çıxış yolu üçün sivilizasiya nə düşünür?

Dünyanın aparıcı ölkələri və Beynəlxalq təşkilatlar dünyanı xilas etmək üçün qlobal istiləşmənin qismən qarşısını almaq istəyir. Bu istiqamətdə hədəf odur ki, 2100-cü ilə qədər havanın temperaturunun maksimim 2 dərəcə artmasına nail olunsun. Bunun üçünsə ənənəvi enerji mənbələrindən imtina edilir və bərpa olunan yanacaqdan istifadə təklif olunur.

Artıq bir sıra ölkələr istixana qazı emissiyalarını azaltmaq və idxal olunan neftdən asılılığı azaltmaqla bərpa olunan yanacaq sektorunu genişləndirmək məqsədilə xüsusi proqramlar, yol xəritələri hazırlayır. Nəzərə alaq ki, bərpa olunan yanacaqlar bitkilərdən və digər biokütlələrdən istehsal olunur və əvəz etdikləri qalıq yanacaqların yandırılması ilə müqayisədə istixana qazı emissiyalarını azalda bilər.

Azərbaycanda bu sahədə mənzərə necədir?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin son məlumatında deyilir ki, gün ərzində Bakı şəhərində keyfiyyət göstəricilərindən dispers toz hissəcikləri 1.5, dəm qazı 1.3, azot-4 oksid 1.1, Sumqayıt şəhərində dispers toz hissəcikləri 1.3 dəfə, bəzi saatlarda isə dəm qazının miqdarı 1.5-1.7 dəfə normadan yüksəkdir.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasının əsas səbəbi isə nəqliyyat sektorundakı hərəkət intensivliyidir.

Nəzərə alaq ki, Azərbaycanda ümumilikdə 1,7 milyondan artıq maşın var. Bunun da  1 449 307 minik avtomobilidir. Ölkəmizdə hər 1000 nəfərə 170 maşın və ya 135 mink avtomobili düşür. Bu göstəriciyə görə ölkəmiz dünyada 107-cidir. İlk baxışdan elə görünür ki, ölkəmizdə maşın digər ölkələrə nisbətən azdır. Amma bir acı həqiqət var ki, ölkəmizdəki maşınların böyük hissəsinin istismar müddəti 15-20 ildən artıqdır. Hazırda istismara olan avtomobillərin 1/3-i Sovet və Rusiya istehsalı olan VAZ-lardır. Bu gün 400 mindən artıq “VAZ” istismar edilir. İkinci sırada isə 229 min ədədlə “Mersedes” avtomobili gəlir. Bu “VAZ”-ların, həm də “Mersedes”lərin böyük hissəsi istismar müddətini başa vurub. Bundan başqa istismar olunan yük maşınlarının 85-90 faizi, minik avtomobillərininsə 30 faizə yaxını dizel mühərriklidir. Ən pisi də odur ki, son zamanlar ölkəmizə dizel mühərrikli avtomobillərin idxalı sürətlə artır. Rəsmi məlumatlara görə, 2021-ci ildə Azərbaycana 21,4 min, 2022-ci ildə 21,8, 2023-cü ildə isə 32,1 min dizel mühərrikli avtomobil idxal olunub. Halbuki, CO2 emissiyasında dizel mühərrikli maşınların xüsusi payı var.

Azərbaycan nəqliyyat sektorunda ESG prinsipləri

“Yaşıl iqtisadiyyat”a keçid və “yaşıl enerji” təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir. Təsadüfi deyildir ki, dövlət başçısının müvafiq Sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Həmçinin, bu il Azərbaycan COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək.Yəni Azərbaycan yaşıl dünya naminə mübarizənin önündə yer alıb.

Bu məqsədlə digər sahələrlə yanaşı nəqliyyat sektorunda Ekoloji, sosial və korporativ idarəetmə (ESG) yanaşmasına ciddi önəm verilir. Məlumdur ki, ESG prinsiplərinin tətbiqi "yaşıl iqtisadiyyat"a transformasiya prosesinə əhəmiyyətli töhfə vermək imkanına malikdir. Təsadüfi deyil ki, 2022-ci ildə Bakıda biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun “Ekoloji, sosial və korporativ idarəetmə standartları” üzrə altqrupu yaradılıb.

Bundan əlavə, 2024-cü ilin fevral ayının 7-də Azərbaycan Prezidenti İlham Əliyev “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, karbon emissiyalarının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolunu nəzərə alaraq, dayanıqlı və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması daha təmiz və dayanıqlı nəqliyyat sisteminə keçidi sürətləndirmək üçün xüsusi əhəmiyyət kəsb edir.

Bu baxımdan, elektrik nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsini, zəruri infrastrukturun inkişafını, habelə ümumi nəqliyyat sisteminə inteqrasiyanı təmin edən normativ hüquqi bazanın formalaşdırılması zəruri infrastrukturun inkişafını, habelə ümumi nəqliyyat sisteminə inteqrasiyanı təmin edən normativ hüquqi bazanın formalaşdırılması zəruridir.

Məlumdur ki, elektromobillərin təşviqində əsas məsələlərdən biri də enerjidoldurma qurğularının kütləviliyinin və əlçatanlığının təmin olunmasıdır.

Elektromobillərə maraq artır

Bundan əlavə Azərbaycanda bir neçə ildir ki, karbon emissiyasının azaldılmasında, enerji səmərəliliyinin yüksəldilməsində və nəqliyyat sənayesində innovasiyaların təşviqində elektrik mühərrikli nəqliyyat vasitələrinin rolunu nəzərə alaraq, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması istiqamətində tədbirlər görülür. Ötən dövrdə ESG sahəsində sistemli fəaliyyətin təmin edilməsi məqsədilə ölkəmizdə ortamüddətli dövr üçün Strateji Baxış sənədi formalaşdırılıb, eyni zamanda, “Ekoloji, sosial və korporativ idarəetmə prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə 2023 və 2024-cü illər üçün yol xəritələri təsdiq edilib. 2023-cü il üçün Yol Xəritəsinın icrası çərçivəsində ESG sahəsində ölkədə mövcud vəziyyətin təhlili aparılıb, sorğu həyata keçirilib və beynəlxalq təcrübə öyrənilib. Bununla yanaşı, ESG-nin ayrı-ayrı elementləri ilə əlaqəli olan normativ hüquqi çərçivələr, mövcud olan və yeni tətbiq edilən norma və qaydalar nəzərdən keçirilib.

Məhz bunun nəticəsidir ki, son illərdə Azərbaycana avtomobil idxalında hibrid və elektrik mühərrikli avtomobillərin sayında artım müşahidə edilib. Belə ki, 2021-ci ildə ölkəyə 200 elektromobil idxal edilmişdisə, 2023-cü ildə bu göstərici 3,1 min ədədə yüksəlib. Bundan əlavə sərnişindaşımada da elektrobusların alınmasına başlanılıb.

Bu isə onu deməyə əsas verir ki, yaxın gələcəkdə daxili yanma mühərriklərindən imtina faizinin artacağı şübhə doğurmur. Unutmaq lazım deyil ki, daxili yanma mühərriklərindən imtina ekoloji və iqtisadi baxımdan çox sərfəlidir.

Nəzərə alaq ki, nəqliyyatdan yaranan istixana qazlarını azaltmağın üç yolu var: 

Nəqliyyat vasitələrinin texnologiyasının səmərəliliyinin artırılması;

Malların və sərnişinlərin daşınma üsulunun dəyişdirilməsi;

Aşağı karbonlu yanacaqlardan istifadə.

İqlimlə bağlı sosial məqsədlərə nail olmaq üçün hər üç prinsipə əməl etməliyik.  Digər tərəfdən, hazırda Azərbaycan dünyaya yaşıl enerji istehsalı üçün yeni imkanlar təqdim edir. Yaxşı olar ki, bu məsələdə də hər birimiz vətəndaş olaraq dövlətimizin yanında olaq. İstismar müddəti başa çatmış, ekoloji fəlakət saçan avtomobillərdən və yanacaqlardan uzaq duraq. İnkişaf etmiş ölkələrdə olduğu kimi hibrid və elektromobillərin həyatımızda daha çox yer almasının yollarını axtaraq.

İlhamə Qiyas, News365.az.

QEYD: “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur”


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər