Məzun sosioloqlar niyə öz ixtisasları üzrə işləmir? - Zahid Oruc SƏBƏBLƏRDƏN DANIŞDI

Məzun sosioloqlar niyə öz ixtisasları üzrə işləmir? - Zahid Oruc SƏBƏBLƏRDƏN DANIŞDI
27 İyn 2024 11:01

“Ölkəmizdə sosiologiya ixtisasının tədrisi hazırda 4 institutda aparılır. Bakı Dövlət Universitetinə hər il azərbaycandilli 50, ingilis və rusdilli sektorlarının da hər birinə 25-25 tələbə qəbul edilir, daha sonra 20 nəfər magistr proqramı ilə təhsillərini davam etdirirlər. İlk baxışda, adekvat göstəricidir və onların gələcək elmi irəliləyişlərini təmin etməklə, təkcə milli dildə deyil, eləcə də rus və ingilis dillərində peşəkar mütəxəssislər qazanmaq olardı. Kafedraların  müəllim heyəti və onların dərs yükü haqqında müfəssəl məlumatlar yoxdur.  Göründüyü kimi, müstəqillikdən keçən 30 il ərzində sosiologiya hələ də institutlaşma prosesini yaşayır, ixtisaslı sosioloqlar yetişdirən ali təhsil müəssisələrinə baxmayaraq, tanınmış ekspert cəmiyyəti və onların vahid təşkilatı mövcud deyil. Tələbələrin 10 faizi öz ixtisasları üzrə irəliləmir, qeyri-ixtisas sahibləri vakuumu doldurmağa çalışır. Müqayisə üçün, təkcə Britaniyada 106 ali təhsil müəssisəində sosioloq ixtisası üzrə kadrlar yetişdirilir və onların gələcək elmi inkişaf mexainzmləri fəaliyyət göstərir”.

News365.az xəbər verir ki, bunu  Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc “Qlobal çağırışlar və sosial elmlər” mövzusunda təşkil olunmuş dəyirmi masada deyib.

O bildirib ki, dövlət büdcəsindən maliyyələşən ixtisaslı STM-lə yanaşı, özəl, maliyyə mənbəyi, məqsədləri və fəaliyyət diapozonu fərqli olan tədqiqat mərkəzləri də var:

“Onlar arasında sağlam rəqabət mövcuddur. Lakin dövlət tərəfindən STM-in təsis edilməsi sosiologiyanın inkişafına güclü siyasi iradəni əks etdirir. Tədqiqat əsaslı idarəçilik aparıcı şüar kimi hakimiyyətin müxtəlif sahələrlə bağlı qərarqəbuletmə siyasətində önəmli rol oynamağa başlayıb. Biz çoxsaylı nazirlik və komitələrin cəmiyyət həyatında baş verən dəyişiklikləri və gələcəyin proqnozlaşdırılmasını məhz sosial tədqiqat alətləri və vasitələri ilə araşdırmaq üçün sifarişlər alırıq.

Aparılan işlər prezidentin bəyan etdiyi son 5 ildəki Yeni Eraya keçidi özündə ehtiva edən tarixi Qələbəmizlə, Böyük Qayıdışla, cəmiyyətin sosial gözlənti və baxışlarının kəskin dəyişməsi ilə, ölkəmizə xaricdən edilən sistemli hücumlar və onlara verəcəyimiz cavablarla birbaşa bağlı olub. Tədqiqatların bir qismi ictimailəşib, lakin Ali rəhbərliyin xidməti istifadəsinə verilən yüzlərlə açıq-qapalı sənədlər dövlət siyasəti üçün kiçik töhfələr sayıla bilər. Açıqlanan araşdırmalar müəyyən elmi və ictimai diskussiyalar doğurub. Əlbəttə, daha sistemli, əhatəli və hakimiyyət institutlarının birgə çalışması ilə geniş xarici əlaqələrə çıxış əldə etmək və beynəlxalq legitimlik üçün  hələ çox işlər görülməlidir.

Prezident İlham Əliyevin andiçmə mərasimində Yeni dövr-Qarabağdan sonra yeni milli ideologiyanın-yeni sosial-siyasi kimliyin formalaşdırılması vəzifəsi iki əsrlik məğlubiyyət sosiologiyasını aradan qaldırmaqla qalibiyyət ideallarını millətimizin qan yaddaşına, varlığına, gündəlik həyatına yazması faktıdır. Ən böyük Millət Sosioloqu İlham Əliyevdir, tarixdə ilk dəfə xalqımızı coğrafi və siyasi cəhətdən böyüdən İdeya Generatoru da məhz Odur. İndi bütün universitetlər, institutlar və beyin mərkəzləri yeni hədəflərin formalaşmasında aktiv iştirak etməlidir”.

Zahid Oruc onu da əlavə edib ki, Azərbaycanda sosial elmlərin öyrənilməsinə töhfə vermək üçün STM London İqtisad Universitetinin keçmiş rəhbəri Entoni Giddens və müstəqil tədqiqatçı Filip Sattonun “Sosiologiyada əsas anlayışlar” kitabını tərcümə və nəşr edib:

“Əsər təkcə an­la­yı­şların tə­rifini  vermir, onların ge­niş mü­za­ki­rə­si­ni aparır,  ta­ri­xi və nə­zə­ri kon­teks­tə yer­ləş­di­rir, tət­biqat­larda mey­da­na çı­xan çətinlikləri nə­zər­dən ke­çi­rir, uy­ğun tən­qi­di mövqe­lə­ri gös­tə­rir, oxu­cu­ya onun müs­tə­qil ola­raq ta­nış ola bi­lə­cə­yi müa­sir təd­qi­qat nü­mu­nə­lə­ri ve­ri­lir.

E. Giddens və F.Sattonun müəllifləri olduğu “Sosiologiyada əsas anlayışlar” kitabı sosiologiya elminin əsas tədqiqat arealının başlıca sahəsini təşkil edir. Yəni, sosiloqların dili məhz həmin terminlərlə zənginləşir. Ənənəvi lüğət tipli kitablardan fərqli olaraq, burada anlayışların işçi tərifi və mənası ilə yanaşı, inkişaf tarixi, tənqidə məruz qalan tərəfləri və aktuallıq kəsb edən cəhətləri təqdim edilir. “Sosiologiyada əsas anlayışlar” kitabı sosioloqlar, sosial elmlərin digər sahələri üzrə mütəxəssis və tələbələr, habelə müasir dünyanı daha dərindən öyrənməyə çalışan geniş oxucu dairəsi üçün nəzərdə tutulub. Mərkəzimizin iki dəyərli əməkdaşı-Humay Axundzadə və Sübhan Cabbarlı əsərin tərcümə və çapına töhfə veriblər.

Beləliklə, təmsil etdiyim Mərkəz gələcəkdə  sosiologiya və sosial elmlərin dövləti-ictimai statusunu artırmaq məqsədilə bir neçə təklifləri səsləndirməyi vacib sayır. İlk növbədə, Azərbaycan-Türk dövlətləri, Azərabaycan-Çin, Azərbaycan-Britaniya arasında sosiologiya magistrlərini hazırlayan birgə proqramlara  ehtiyac var. Məzunların analitika, idarəetmə, elmi və biznes layihələrində iştiraka fəal cəlbi, sosiologiya üzrə fəlsəfə doktorluğuna yönəldilməsi vacibdir.Elmi ədəbiyyat və tərcümələrin azlığı, akademik tələbatı və kadr hazırlığını, sabit karyera inkişafı üçün əlverişli mexanizmlərinin yaradılmasını yalnız sistemli dövlət siyasəti ilə həll etmək olar. Sosial elmləri vahid ali təhsil məkanında-Sosiologiya Universitetində birləşdirmək üçün təhsilin planlaşdırılması qurumları tərəfindən müvafiq addımlar atıla bilər.

Hər il sosiologiya üzrə xaricə mübadilə proqramı ilə gedən tələbələr Təhsil Nazirliyinin siyasətində ayrıca yer alması məqsədəuyğundur. Bildiyiniz kimi, Survey to Go proqramı ABŞ-ın texnoloji nailiyyətidir, məhsuludur, İT bazasıdır və bizim BİG DATA-lar onların informasiya platformasında mənzillənir, toplanır və arxivləşir. Bizim məlumatların ana platası xaricdə qərarlaşır. Ona görə də Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliyi sorğu proqramlarının yaradılmasını mühüm milli təhlükəsizlik tədbiri kimi önə qoya bilər.

Cəmiyyət sürətlə transformasiya olunur-mediaşünaslıqdan siyasətin sosialogiyasına qədər hamısı dəyişir. Ona görə  də yeni ixtisaslı kadrların hazırlığı gücləndirilməsi, sosioloqların alternativ təşkilatlanması və birliyinin yaradılması son dərəcə zəruridir.

İki ildən bir beynəlxalq sosioloji konfransların, seminarların keçirilməsinə,o cümlədən birgə elmi çalışmalara, tədbir materaillarının nəşrinə və sosioloji tədiqatlar sahəsində vahid elmi mərkəzlərin yaradılmasına nail olunması vacibdir. Beləliklə, müasir dövrdə bəşəriyyətin qlobal çağırışları qarşısında cəmiyyətlərin, ideologiyaların, milli və regional sosial transformasiyaların öyrənilməsi qarşıda duran ən mühüm vəzifədir. Bir daha hazırda dünyada tək qalib millətin Vətən müharibəsində Qələbəsini möhkəmləndirmək və irəliyə aparmaq üçün özümüzü və başqalarını öyərnməli, vahid xalq institutuna çevrilməliyik”.

İlhamə Qiyas, News365.az

 

 


Youtube kanalımız

Oxşar xəbərlər