Nazirlik isti hava ilə bağlı MÜRACİƏT ETDİ

Nazirlik isti hava ilə bağlı MÜRACİƏT ETDİ
20:08

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yaxın günlərdə ölkə ərazisində isti, quraq və küləkli hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən News365.az-a verilən məlumata görə, bu şərait meşələrdə və digər təbiət ərazilərində yanğın riskini artırır.

Meşə yanğınları ağac və bitki örtüyünün məhv olmasına, vəhşi heyvanların yaşayış mühitinin zədələnməsinə, torpağın münbit qatının sıradan çıxmasına və ekoloji tarazlığın pozulmasına səbəb olur.

Yanğından zərər çəkmiş ekosistemlərin bərpası uzun illər tələb edə bilər.

Yanğınların qarşısının alınması məqsədilə vətəndaşlardan meşələrdə və meşəətrafı ərazilərdə ocaq qalamamaq, söndürülməmiş siqaret kötüklərini təbiətə atmamaq, quru ot, kol-kos və məişət tullantılarını yandırmamaq, yanğına səbəb ola biləcək şüşə və digər tullantıları ərazidə saxlamamaq, tüstü və ya yanğın əlaməti müşahidə etdikdə isə dərhal aidiyyəti qurumlara məlumat vermək xahiş olunur.

Unutmayaq ki, kiçik bir ehtiyatsızlıq geniş ərazilərin yanmasına, flora və faunanın məhvinə və təbiətə uzunmüddətli zərər vurulmasına səbəb ola bilər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları təbiət ərazilərində diqqətli olmağa və yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.


Sizin reklam burada
Sizin reklam burada