Myanmada güclü partlayış: Onlarla insan həlak oldu

Myanmada güclü partlayış: Onlarla insan həlak oldu
15:57

Myanmanın şimal-şərqində yerləşən Namhkam bölgəsində baş verən güclü partlayış çoxsaylı insan itkisi ilə nəticələnib. Yerli mənbələrin məlumatına görə, hadisə Kaunqtup kəndində qeydə alınıb.

News365.az-ın məlumatına əsasən, partlayış dağ-mədən sektorunda istifadə olunan partlayıcı maddələrin saxlanıldığı obyektdə baş verib. Güclü partlayış nəticəsində azı 46 nəfər ölüb, 70-dən çox şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Hadisədən dərhal sonra əraziyə xilasedicilər və təcili tibbi yardım briqadaları göndərilib. Axtarış-xilasetmə əməliyyatları zamanı dağıntılar altından onlarla insan çıxarılıb. Ölənlər arasında uşaqların da olduğu bildirilir.

Partlayışın təsiri yalnız hadisə yerindəki obyektlə məhdudlaşmayıb. Güclü zərbə dalğası ətraf yaşayış məntəqələrinə də ciddi ziyan vurub. Məlumata görə, 100-dən artıq evə zərər dəyib, bir sıra tikililərin dam örtükləri dağılıb, pəncərələri sınıb.

Fəlakətin baş verdiyi ərazi Çin sərhədinə yaxın yerləşir və hazırda mərkəzi hökumətlə qarşıdurmada olan etnik silahlı qruplaşmalardan birinin nəzarətindədir. Həmin qruplaşma partlayıcı maddələrin mədən işləri üçün saxlanıldığını təsdiqləyib.

Hazırda hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. Rəsmilər ölənlərin sayının arta biləcəyini istisna etmirlər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada