Milyonluq məhkəmə çəkişməsi: 1 milyon 110 min manatlıq qərar, 249 min manatlıq borc iddiası
Uzun illərdir davam edən məhkəmə çəkişməsi ilə bağlı yeni məlumatlar ictimaiyyətə təqdim olunub. Loğman Məmmədovun təqdim etdiyi sənədlərə əsasən, Nazirlər Kabinetində sektor müdiri vəzifəsində çalışdığı bildirilən Qurban Sadıqovla aralarında yaranmış mübahisə üzrə bir sıra məhkəmə qərarları qəbul edilib.
İddiaçı bildirir ki, tərəflər arasında qudalıq münasibətləri 2015-ci ildə yaranıb. Həmin dövrdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 145 nömrəli mənzilin alınması və əsaslı təmiri üçün bütün maliyyə vəsaiti Loğman Məmmədov tərəfindən ödənilib. Mənzilin isə Maya Məmmədovanın adına rəsmiləşdirildiyi qeyd olunur.
Müraciətdə bildirilir ki, sonrakı illərdə Qurban Sadıqov müxtəlif vaxtlarda Loğman Məmmədovdan ümumilikdə 1 milyon 650 min manat məbləğində vəsait alıb və həmin vəsaiti geri qaytaracağını öhdəsinə götürüb.
İddiaçı qeyd edir ki, bu fakt Qurban Sadıqovun müxtəlif vaxtlarda verdiyi izahatlarda, tərəflər arasında aparılmış danışıqlarda və mövcud səs yazılarında da öz əksini tapıb. Bildirilir ki, sonradan vəsait qaytarılmadığından məsələ hüquqi müstəviyə çıxarılıb və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, eləcə də məhkəmə orqanlarına müraciət edilib.
Loğman Məmmədovun təqdim etdiyi sənədlərə əsasən, aparılan məhkəmə araşdırmaları nəticəsində iddianın bir hissəsi təmin olunub. Azərbaycan Respublikasının Ali Məhkəməsi Qurban Sadıqovdan 1 milyon 110 min manatın tutulması barədə qərarı qüvvədə saxlayıb. Qərarın icrası məqsədilə iş Nəsimi Rayon İcra Şöbəsinə göndərilib.
İcra prosesi çərçivəsində Maya Məmmədovanın adına rəsmiləşdirilmiş mənzil hərraca çıxarılıb. Təqdim olunan məlumatlara görə, hərracın qalibi olan Lalə Ramiz qızı Məmmədova mənzili 960 min manata əldə edib və qanunvericilikdə nəzərdə tutulan bütün ödənişləri həyata keçirib.
İddiaçı hazırda Qurban Sadıqovun ona 249 min manat borclu qaldığını və həmin məbləğin hələ də ödənilmədiyini bildirir. Bununla əlaqədar borcun icrası üçün digər əmlak və aktivlərin müəyyən edilərək icra tədbirlərinə cəlb olunması istiqamətində hüquqi prosedurların davam etdiyi qeyd olunur.
Müraciətdə həmçinin bildirilir ki, müxtəlif instansiya məhkəmələrinin qərarlarında əlavə 640 min manat məbləğində borcun mövcudluğu göstərilsə də, həmin hissə üzrə iddia müddətinin keçməsi səbəbindən bu məbləğin tutulması mümkün olmayıb.
Loğman Məmmədov əlavə olaraq iddia edir ki, Qurban Sadıqov və onun vəkili Əjdər Sarıyevin iştirakı ilə bağlı bəzi hallar Bakı Apellyasiya Məhkəməsində araşdırılıb və bununla bağlı xüsusi qərardad qəbul edilərək materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.
İddiaçı onu da bildirir ki, qarşıdakı günlərdə məhkəmə sənədləri, səs yazıları, verilmiş izahatlar və digər materiallar ictimaiyyətə təqdim olunacaq.
Qeyd: Yazıda yer alan məlumatlar Loğman Məmmədov tərəfindən redaksiyaya təqdim edilmiş sənədlər və iddialar əsasında hazırlanıb. 1xeber.media qarşı tərəfin – Qurban Sadıqovun mövqeyini dərc etməyə hazırdır və mövqe təqdim ediləcəyi təqdirdə materiala əlavə olunacaq.