“Bir neçə gün öncə 80 yaşıma qədəm qoydum. Bu yubiley doğum günü idi. Sözün düzü ad günümü qeyd etmədim, ona görə də gedib-gələn yoxdur. O müsibət başıma gələndən sonra mənim üçün heç bir şeyin əhəmiyyəti yoxdur. Nazirlik diplom göndərdi, Xəzər televiziyası xüsusi qeyd etdi, Qərbi Azərbaycan icması keçirdi. Amma mən qeyd etmədim. Onların hər birinə öz təşəkkürümü bildirirəm. Efirə canlı bağladılar, təbrik etdilər. Murad Dadaşova öz təşəkkürümü bildirirəm. Efirlərə çıxmıram. Mənim üçün hər şey qurtarıb. Hər şeyi Oqtay özü ilə aparıb”.
Bunu xalq artisti Elmira İsmayılova deyib.

O daha sonra əlavə edib: “Ailəmlə nəfəs alıram. Hər Allahın günü Dilarə mənə zəng etməlidir. Gələ bilməyəndə gündə 4-5 dəfə zəng edir, hal-əhvalımı, səhhətimi soruşur. Deyir ki, “mama, evə nə lazımdır?”. Bu bizim ailədə bir nömrəli qaydadır. Nəvələrim də məni nəzarətsiz buraxmır. Nəticəm dünyaya gəldi, onu 20 günlük götürüb gəlmişdilər yanıma ki, gəlib nənəsini görsün. Hər kəsin öz yeri var da. Oqtay mənim üçün tam başqa idi. Təki mənim başıma bu müsibət gəlməzdi. Heç nə istəmirdim. Oqtay mənim üçün hər şey idi. Hər şey. Mənim üçün həyat idi. Elə dərdlər var ki, onu paylaşmaq olmur, adamın içini yandırır. Bilirəm ki, şəhid anaları da mənim dərdimə ağlayırlar. Mən də onların dərdinə ağlayıram. Allah cavanların canını sağ, ömürlərini uzun etsin. Mən günümü yaşayıram, görüm nə olur”.
Elmira İsmayılova bildirib ki, gəlini, əməkdar artist Dilarə Əliyeva ilə həmişə ana-bala münasibətində olub: “Bir neçə gün bundan əvvəl doğum günümü qeyd etmək istəyəndə onlara dedim ki, siz Allah məni narahat etməyin. Dilarə dedi ki, “hə yaxşı, mama, yaxşı”. Elə bildim ki, Dilarə məndən küsdü. Bir gün sonra zəng etdi. Bu sözü ona dedim. Dilarə dedi ki, “mama, nə danışırsan, adam anasından küsər?”. Bu böyük sözüdür, anadan küsmürlər, mama”. Bu adam məni özünə ana sayır, qaynana yox. Mən ondan necə küsə bilərəm?”/// Medianews.az