Mərkəzi Bank
davranış modelləri əsasında kreditləşməyə dair qaydaları təsdiq edib. Davranış
modelləri əsasında bankların fərdi sahibkarlara və fiziki şəxslərə kredit verməsi
nəzərdə tutulur. Bununla belə, bu model kreditləşmə ilə bağlı müəyyən məhdudiyyətlər
də tətbiq edir. Belə ki, banklar kredit portfelinin 10%-dən artıq olmamaq şərti
ilə davranış modelləri əsasında kredit təklif edə biləcək. Eyni zamanda,
davranış model əsasında verilmiş və 90 gündən çox gecikdirilmiş kreditlərin həcmi
həmin kredit portfelinin 10%-nə çatdıqda model əsasında kreditlərin verilməsi
dayandırılacaq.
Bu modelin tətbiqinə
başlanılması iki vacib məsələni aktuallaşdırır.
Birincisi,
Azərbaycan bankları bu modelin tətbiqinə hazırdırlarmı?
İkincisi, bu
modelin tətbiqi borclanma risklərini artıra bilərmi və eləcə də kreditləşmədə məhdudiyyətlərə
səbəb olarmı?
Məsələyə
aydınlıq gətirən Millət vəkili Vüqar
Bayramov deyir ki, davranış kredit skorinqi modeli uzun müddətdir ki,
inkişaf etmiş ölkələrdə tətbiq olunur:
“Rəsmi gəlirlər,
ödəniş tarixi kimi statik məlumatlara əsaslanan ənənəvi kredit riski profilindən
fərqli olaraq, bu model xərcləmə vərdişləri, əməliyyat tezliyi və rəqəmsal iz
kimi dinamik dəyişənləri nəzərə alır. Bu zaman bank əməliyyatları, onlayn
alışlar, sosial media fəaliyyəti və hətta mobil cihazdan istifadə də daxil
olmaqla müxtəlif mənbələrdən böyük həcmdə məlumatların toplanması və emalı tələb
olunur. Yəni, vətəndaşın sosial mediada fəaliyyəti və ya aktivliyi də kredit
verilən zaman nəzərə alına bilir. Digər tərəfdən, bu modeli dinamikdir, yeni məlumatlar
əldə olunduqca kredit profillərini davamlı olaraq izləyir, yeniləyir və bununla
da borcalanın maliyyə vəziyyətindəki dəyişikliklərə uyğunlaşır. Bu isə əsaslandırılmış
model validasiyası tələb edir.
Bu zaman ən
ciddi çağrışlardan biri fərdlərin öz maliyyə davranışlarını manipulyasiya etmə
cəhdləridir. Bunun qarşısının alınması üçün isə modelin güclü alqoritmləri və vəriblardan
(dəyişənlərdən) istifadəsinə ehtiyac var. Bu baxımdan, bankların davranış
modelinin tətbiqinə hazır olmasına və güclü qiymətləndirmə və izləmə elektron
formularından istifadəsinə ehtiyac var. Bu isə o deməkdir ki, modelin uğurlu tətbiqi
bankların davranışlarından da asılı olacaq.
Digər məqam
Azərbaycan Mərkəzi Bankının qərarı ilə bu model üzrə kreditləşməyə limitlərin
müəyyənləşdirilməsidir. Bu məsələdə beynəlxalq praktikada fərqli yanaşmalar
var. Amma ölkədə ümumi kredit portfelinin 27 milyard 368 milyon manat olduğunu
nəzərə aldıqda orta hesabla 3 milyard manata yaxın kredit bu model vasitəsi ilə
təklif oluna bilər. Bununla yanaşı, model çərçivəsində təqdim olunan vəsaitlər
üzrə problemli kreditin həcmi limiti keçdiyi halda modeldən istifadə
dayandırılır. Bunun banklarda model vasitəsi ilə kreditləşməyə marağın
azalmasına gətirib çıxarması da istisna deyil.
Bütövlükdə,
davranış kredit skorinqi modeli üzrə kreditlərin təklifi bank sektoru üçün yeni
bir mərhələ olacaq. Bunun uğuru isə birbaşa bankların elmi və araşdırma
potensialından asılı olacaq”.
News365.az