Azərbaycanda avtomobillərin etibarnamə ilə alqı-satqısı uzun illərdir geniş yayılıb. Buna əsas səbəb nəqliyyat vasitəsinin rəsmi qaydada addan-ada keçirilməsi zamanı yaranan əlavə xərclərdir. Bir çox vətəndaş bu xərclərdən yayınmaq üçün avtomobili etibarnamə ilə alıb-satmağı üstün tutur. Lakin mütəxəssislər bu praktikanın ciddi hüquqi risklər yaratdığını bildirirlər.
Bəs, nağdsız alqı-satqınların üstünlükləri nədir?
News365.az xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev qeyd edib ki, etibarnamə əsasən avtomobili idarə etmək üçün verilir və alqı-satqı məqsədilə istifadə edilməsi doğru deyil.
Ekspertin sözlərinə görə, son dövrlər etibarnamənin ümumiyyətlə ləğvi məsələsi də gündəmə gətirilir:
“Əgər avtomobil kiməsə etibar edilirsə, açar ona verilir və həmin şəxs nəqliyyat vasitəsini idarə edir. Bu baxımdan ayrıca etibarnaməyə ehtiyac yoxdur. Bu, sadəcə əlavə bürokratik əngəldir”.
Y.Mustafayev vurğulayıb ki, avtomobillərin alqı-satqısında etibarnamədən istifadə daha təhlükəlidir:
“Avtomobil rəsmi qaydada başqa şəxsin adına keçirilməyibsə, qeydiyyata alınmayıbsa, hüquqi baxımdan yenə də satıcının mülkiyyətində qalır. Satıcı bu avtomobil üzərində sərəncam vermək hüququna malikdir. Onun vergi borcu və ya digər öhdəlikləri varsa, nəqliyyat vasitəsinə həbs qoyula bilər. Bu isə etibarnamə ilə alan şəxsi ciddi problemlərlə üz-üzə qoyur”.
Ekspert əlavə edib ki, bu risklər nəzərə alınaraq avtomobil alqı-satqısının rəsmi və nağdsız qaydada aparılması daha məqsədəuyğundur. Nağdsız və rəsmi alqı-satqı mülkiyyət hüququnu tam təmin edir, gələcəkdə yaranacaq hüquqi mübahisələrin qarşısını alır və alıcını mümkün maliyyə itkilərindən qoruyur.
Mütəxəssislər vətəndaşlara tövsiyə edirlər ki, qısa müddətli xərclərdən yayınmaq naminə etibarnamə ilə alqı-satqıya üstünlük verməsinlər və avtomobili mütləq rəsmi qaydada öz adlarına rəsmiləşdirsinlər./// KONKRET.az