2025-ci il Azərbaycanın daxili siyasi sabitliyinin qorunması, xarici siyasətdə çoxşaxəli tərəfdaşlıqların dərinləşdirilməsi və sülh gündəliyində tarixi nailiyyətlərin əldə edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edib. İl ərzində baş verən siyasi hadisələr ölkənin regional və qlobal miqyasda artan nüfuzunu aydın şəkildə nümayiş etdirib.
Daxili siyasi proseslər
2025-ci il yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkilərinin keçirilməsi ölkədə yerli özünüidarəetmənin möhkəmləndirilməsi və demokratik institutların davamlı inkişafı istiqamətində mühüm addım olub. Seçkilər sabit ictimai-siyasi mühitdə baş tutub, dövlət idarəçiliyində islahatların ardıcıllığını təsdiqləyib.
Humanitar və yumşaq güc siyasətində beynəlxalq tanınma
Fevralın 8-də Heydər Əliyev Fondunun nüfuzlu beynəlxalq mükafata layiq görülməsi Azərbaycanın humanitar diplomatiyasının, mədəniyyətlərarası dialoqa və sosial layihələrə verdiyi töhfənin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərib.
Diplomatik fəaliyyətin genişləndirilməsi və enerji əməkdaşlığının şaxələndirilməsi
Fevralın 17-də Azərbaycanın Suriyadakı səfirliyinin fəaliyyətinin bərpa edilməsi ölkənin Yaxın Şərq regionunda diplomatik fəallığının artdığını və beynəlxalq proseslərdə balanslı, praqmatik mövqeyini nümayiş etdirdi. Bu addım Azərbaycan–Suriya münasibətlərində yeni mərhələnin əsasını qoydu və siyasi dialoqun bərpası ilə yanaşı, iqtisadi və enerji əməkdaşlığı üçün də əlavə imkanlar yaratdı.
Eyni zamanda, Azərbaycan qazının Suriyaya nəql olunması istiqamətində əldə edilən razılaşmalar ölkənin enerji diplomatiyasının coğrafiyasının genişləndiyini göstərdi. Bu proses Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini Yaxın Şərq regionunda da möhkəmləndirdi və regional enerji təhlükəsizliyinə töhfə verdi. Qaz nəqli yalnız iqtisadi əhəmiyyət daşımadı, həm də postmünaqişə dövründə Suriyanın bərpasına və sosial-iqtisadi sabitliyinin təmininə dəstək xarakteri daşıdı.
Beləliklə, enerji əməkdaşlığı diplomatik münasibətlərin praktik nəticəsi kimi çıxış etdi və Azərbaycanın enerji resurslarını sülh, sabitlik və əməkdaşlıq alətinə çevirdiyini bir daha təsdiqlədi. Uzun illərdən sonra Suriya Prezidentinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərdə mühüm siyasi hadisə kimi qiymətləndirildi. Bu səfər qarşılıqlı etimadın bərpa olunduğunu və əməkdaşlığın institusional əsasda inkişaf etdirilməsinə hazır olunduğunu göstərdi. Səfər çərçivəsində aparılan danışıqlar siyasi, enerji və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün yeni perspektivlər açdı.
Beynəlxalq siyasi dialoq platforması
Fevralın 19-da Bakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyasının başlaması, martın 13-də XII Qlobal Bakı Forumunun, aprel ayında ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumun keçirilməsi Azərbaycanın qlobal siyasi dialoq üçün aparıcı mərkəzlərdən birinə çevrildiyini təsdiqləyib.
İslam həmrəyliyi və beynəlxalq humanitar gündəlik
Mayın 26-da Bakıda “İslamofobiya: qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın keçirilməsi Azərbaycanın İslam dünyasında ədalət, tolerantlıq və multikulturalizm dəyərlərinin müdafiəçisi kimi mövqeyini gücləndirib.
Strateji tərəfdaşlıqların möhkəmləndirilməsi
Aprel ayında Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri və iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında Birgə Bəyanatın imzalanması Azərbaycanın Asiya istiqamətində xarici siyasətinin mühüm uğuru olub. Eyni zamanda, Azərbaycan–İran biznes forumu regional iqtisadi və siyasi əməkdaşlığın dərinləşdirilməsinə xidmət edib.
Qarabağda yenidənqurma, strateji layihələr və regional əməkdaşlığın gücləndirilməsi
Mayın 28-də Laçın Beynəlxalq Hava Limanının açılışı Qarabağ bölgəsində davam edən yenidənqurma işlərinin mühüm mərhələsini təşkil edib. Liman həm regionun nəqliyyat və logistika imkanlarını gücləndirir, həm də azad edilmiş ərazilərin iqtisadi və sosial inkişafına töhfə verir. Strateji baxımdan bu hava limanı ölkəmizin regional bağlantı və nəqliyyat dəhlizlərində rolunu möhkəmləndirir, həmçinin beynəlxalq əlaqələrin və humanitar-logistik təşəbbüslərin həyata keçirilməsinə imkan yaradır. Qardaş ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı isə Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri və strateji müttəfiqlik əlaqələrinin yüksək səviyyədə olduğunu nümayiş etdirir.
İyulun 4-də isə Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün keçirilməsi Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi və azad edilmiş ərazilərin beynəlxalq siyasi xəritəyə reinteqrasiyasının bariz nümunəsi olub. Tədbirdə Türkiyə, İran, Pakistan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, Əfqanıstan, Şimali Kipr Türk Respublikasının prezidentlər və Baş nazirlər səviyyəsində təmsil olunması, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı (TDT) və BMT və onun aidiyyəti qurumlarının nümayəndələrinin iştirakı Azərbaycanın azad edilmiş ərazilərinin beynəlxalq aləmdə tanınmasını gücləndirib, ölkəmizin regional əməkdaşlıq və inteqrasiya proseslərində oynadığı rolu təsdiqləyib. Eyni zamanda, tədbir iştirakçıları arasında siyasi və iqtisadi dialoqun inkişafına imkan yaradıb və regionda sülh, stabillik və davamlı inkişafın təşviqinə töhfə verib.
Türk dünyası və beynəlxalq təşkilatlarda fəallıq
2025-ci ildə Azərbaycan TÜRKPA, D-8, UNESCO, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində mövqelərini daha da gücləndirib, türk dövlətləri ilə siyasi koordinasiya və həmrəylik yeni mərhələyə yüksəlib.
Sülh gündəliyində tarixi irəliləyiş
Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri arasında görüş və Birgə Bəyannamənin imzalanması, eləcə də sülh sazişinin paraflanması regionda uzunmüddətli münaqişənin sona çatdığını təsdiqləyib.
Sentyabrın 1-də ATƏT-in Minsk Prosesi və ona bağlı strukturların bağlanması barədə qərarın qəbul edilməsi, dekabrın 1-də isə bu prosesin faktiki olaraq başa çatdırılması həmin mərhələnin hüquqi-siyasi yekunu olub.
Beynəlxalq humanitar təşəbbüslər və sosial məsuliyyət
Azərbaycanın Qəzza bölgəsindən fələstinli tələbələrin təxliyəsi, Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların reabilitasiya üçün Azərbaycana gətirilməsi və Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılışı ölkənin beynəlxalq humanitar həmrəyliyə verdiyi töhfənin bariz nümunəsidir. Xüsusilə zəlzələdən zərər çəkmiş Kahramanmaraşda həyata keçirilən bu layihə Azərbaycanın qardaş Türkiyəyə yalnız siyasi deyil, həm də humanitar və mənəvi müstəvidə verdiyi ardıcıl dəstəyin göstəricisidir. Azərbaycan–Türkiyə münasibətləri “bir millət, iki dövlət” prinsipi əsasında böhran və fəlakət dövrlərində qarşılıqlı yardımlaşma və həmrəyliyin yüksək səviyyədə nümayiş etdirildiyini bir daha təsdiqləyib.
Milli qürur və dövlətçilik simvolları
2025-ci il noyabrın 8-də Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi parad, noyabrın 3-də AMEA-nın 80 illik yubileyi və 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi dövlətçilik ideologiyasının davamlılığını əks etdirib.
Enerji və ərzaq təhlükəsizliyi sahəsində regional tranzit və ticarət rolu
2025-ci ildə Azərbaycan regional enerji və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm tranzit və ticarət mərkəzi kimi çıxış edib. Ölkəmizin əlverişli coğrafi mövqeyi və inkişaf etmiş nəqliyyat-logistika infrastrukturu Azərbaycan ərazisindən strateji yüklərin daşınmasını daha da intensivləşdirib.
2025-ci ildə Rusiya və Qazaxıstandan taxıl məhsullarının Azərbaycan ərazisi vasitəsilə Ermənistana daşınması Ermənistanın ərzaq təhlükəsizliyinin mühüm dərəcədə Azərbaycanın tranzit imkanlarından asılı olduğunu açıq şəkildə göstərib. Bu proses Azərbaycanın regionda nəqliyyat-logistika baxımından açar mövqeyini möhkəmləndirməklə yanaşı, sülh təşəbbüslərinin praktik iqtisadi ölçülərini də ön plana çıxarıb.
Eyni zamanda, sülh gündəliyinin irəlilədiyi bir mərhələdə Azərbaycanın neft və neft məhsullarının Ermənistana satılması tərəflər arasında etimadın formalaşmasına və qarşılıqlı iqtisadi asılılığın yaranmasına xidmət edib. Həm ərzaq, həm də enerji sahəsində yaranan bu asılılıq Azərbaycanın yalnız tranzit və istehsalçı ölkə deyil, regionda sülhün iqtisadi təminatçısı və əsas geoiqtisadi aktor kimi rolunu daha da gücləndirib.
TDT çərçivəsində əməkdaşlığın və informasiya mübadiləsinin genişləndirilməsi
Azərbaycanda ilk dəfə TDT-yə üzv ölkələrin qeyri-hökumət təşkilatlarının toplanması və Media Forumun keçirilməsi ölkənin təşkilat çərçivəsində liderliyini gücləndirib. Tədbirlər üzv dövlətlər arasında əməkdaşlığı, fikir mübadiləsini və media sahəsində təcrübə paylaşımını təşviq edib, regional inteqrasiyaya və ortaq layihələrin inkişafına töhfə verib. Bu həm də Azərbaycanın TDT çərçivəsində sülh, həmrəylik və davamlı inkişaf prinsiplərinin təşviqindəki rolunu möhkəmləndirib.
Ümumilikdə isə 2025-ci il Azərbaycan üçün siyasi sabitlik, diplomatik fəallıq, sülh təşəbbüsləri və beynəlxalq nüfuzun artması ilə yadda qalıb. İl ərzində əldə edilən uğurlar Azərbaycanın regional liderlikdən qlobal siyasi aktorluğa doğru inamla irəlilədiyini təsdiqləyib.