“Növbəti ildə də təxminən bu ilki səviyyədə inflyasiya gözlənilir. Mərkəzi Bankın proqnozuna görə, 2026-cı ildə də 2025-ci il kimi inflyasiya 5,7% səviyyəsində olacaq. Hazırda da inflyasiya 5,7%-dir. Yəni Mərkəzi Bank bu göstəricini gözlənilən və məqbul hesab edir. Bu isə orta qiymət səviyyəsinin təxminən bu qədər artacağı anlamına gəlir”.
Bu sözləri açıqlamasında iqtisadçı Xalid Kərimli deyib. O, bildirib ki, qiymətlər bazar prinsipləri ilə formalaşır:
“Xüsusilə ərzaq məhsulları bu baxımdan daha həssasdır. Hər hansı mülahizə yürütməzdən əvvəl, ərzaq məhsullarını idxal etdiyimiz tərəfdaş ölkələrdəki inflyasiya səviyyəsinə baxmaq lazımdır. Məsələn, 2025-ci ildə ölkəyə gətirilən məhsullar üzrə idxal qiymətləri indeksində 25% artım qeydə alınıb. Yəni idxal məhsulları 25% bahalaşıb. Bu da inflyasiyanın əsas səbəblərindən birinin idxal amili olduğunu göstərir.
Məhz buna görə də dəqiq demək mümkün deyil ki, hansı məhsullar bahalaşacaq. Amma ümumilikdə məhsullar üzrə bahalaşma gözlənilir”.
X.Kərimli onu da qeyd edib ki, bundan əlavə, Tarif Şurasının qərarları da əvvəlcədən ictimaiyyətə elan edilmir:
“Lakin ehtimal etmək olar ki, diferensiallaşma adı altında su qiymətlərində də artım baş verə bilər.
Nəticə etibarilə, qeyd etdiyim kimi, həm ərzaq məhsullarında, həm ödənişli xidmətlərin qiymətlərində, həm də qeyri-ərzaq məhsullarında bahalaşma prosesinin gələn dövrdə də davam edəcəyi gözlənilir”.