Azərbaycan üzərindən keçən marşrutlar Ermənistan iqtisadiyyatı üçün yeni nəfəs borusu olacaq
İqtisadiyyat
09:13
Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra Azərbaycan və Ermənistan qısa müddətdə iqtisadi sahədə ilk əməliyyatları həyata keçirə bildi. İlk öncə Qazaxıstandan buğda Azərbaycan üzərindən tranzitlə, ötən gün isə Bakıdan benzin Ermənistana çatdırıldı.
İlk test əməliyyatları erməni cəmiyyətinə sülhün sadəcə sakit həyat deyil, eyni zamanda iqtisadi cəhətdən faydalı olduğunu nümayiş etdirir.
İki əməliyyatdan sonra əminliklə söyləmək olar ki, növbəti ildə Azərbaycan üzərindən keçən marşrutlar Ermənistan iqtisadiyyatı üçün yeni nəfəs borusu olacaq. Gələn ilin ilk aylarından Ermənistan Azərbaycan üzərindən iqtisadi əməliyyatlarını genişləndirməyə çalışacaq.
Belə ki, qış aylarında Yuxarı Lars yolunun buz bağlaması və qeyri-sabit hava şəraiti ciddi çətinliklər yaradır. Bu isə Rusiya-Ermənistan arasında ticarət əməliyyatlarının logistik dəyərini və müddətini artırır. İndi İrəvan Lars yolunu Azərbaycan üzərindən keçən yolla əvəzləməyə səy göstərəcək. Azərbaycan da böyük ehtimalla sülh gündəliyini dəstəkləmək, sülhün iqtisadi cəhətdən faydalı olmasını nümayiş etdirmək və humanizm fəlsəfəsinə sadiq qalaraq buna icazə verəcək.
Son iki əməliyyat eyni zamanda parlament seçkiləri ərəfəsində Paşinyan və partiyasının daxildə mövqelərini də gücləndirir. Azərbaycanın humanist addımları Ermənistan daxilində revanşist qüvvələrin mövqeyini zəiflədir və onların anti-sülh tezislərini çürüdür.