Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Sumqayıt və Lənkəran
şəhərlərindəki Yaşayış Komplekslərində mənzillərin satışa çıxarılmasını
planlaşdırır.
News365.az xəbər verir ki, bu barədə MİDA-dan
bildirilib.
Məlumata görə, güzəştli mənzillərin satışına dair elan
prosesə ən azı 30 gün qalmış veriləcək. Vətəndaşlar bu barədə media vasitəsilə,
Agentliyin internet səhifəsi və sosial şəbəkələrdəki hesabları vasitəsilə məlumatlandırılacaq.
Bununla yanaşı, istifadəçilərin "Güzəştli mənzil" sistemindəki
elektron kabinetlərinə bildirişlər yerləşdiriləcək, həmçinin elektron poçt və
SMS vasitəsilə məlumat göndəriləcək.
Sumqayıt Yaşayış Kompleksi Mehdi Hüseynzadə adına şəhər
stadionunun şimal-şərqində, 2 hektar ərazidə yerləşir. Kompleks 6 doqquzmərtəbəli,
4 onikimərtəbəli və 1 onbeşmərtəbəli olmaqla 11 binadan ibarətdir. Binalarda
ümumilikdə 461 mənzil var. Mənzillərdən 13-ü studio tipli, 113-ü ikiotaqlı,
279-u üçotaqlı və 56-sı dördotaqlıdır. Mənzillərin sahəsi isə aşağıdakı
kimidir:
- Studio tipli mənzillər: 50.03 kv.m
- İkiotaqlı mənzillər: 59.17 - 61.00 kv.m
- Üçotaqlı mənzillər: 78.10 - 82.13 kv.m
- Dördotaqlı mənzillər: 105.6 - 109.4 kv.m
Kompleksdə yaşayış binaları ilə yanaşı sosial-məişət
obyektləri, uşaq oyun meydançaları və 80 yerlik bir uşaq bağçasının inşası nəzərdə
tutulur.
Lənkəran Yaşayış Kompleksi isə Akademik Zərifə Əliyeva
küçəsi, 303 ünvanında, 1,5 hektar ərazidə yerləşir. Kompleks 5 doqquzmərtəbəli
binadan ibarətdir. Binalarda ümumilikdə 240 mənzil var. Onlardan 32-si studio
tipli, 36-sı ikiotaqlı, 104-ü üçotaqlı, 68-i dördotaqlıdır. Mənzillərin sahəsi
isə belədir:
- Studio tipli mənzillər: 40.1 kv.m
- İkiotaqlı mənzillər: 57.68 - 57.70 kv.m
- Üçotaqlı mənzillər: 72.82 - 76.74 kv.m
- Dördotaqlı mənzillər: 98.7 - 114.61 kv.m
Vətəndaşlar mənzilləri üç ödəniş üsulu vasitəsilə əldə edə
bilərlər:
1. Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət
Fondunun vəsaiti hesabına 30 ilədək uzunmüddətli illik 4%-lə güzəştli ipoteka
krediti vasitəsilə;
2. Öz vəsaiti hesabına;
3. Digər kredit təşkilatından maliyyə vəsaiti cəlb etməklə.
Mənzil Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət
Fondunun vəsaiti hesabına güzəştli ipoteka krediti vasitəsilə alındıqda,
minimal ilkin ödəniş məbləği mənzilin satış qiymətinin 10%-ni təşkil etməlidir.
“Güzəştli mənzil” sistemində qeydiyyata alınaraq şəxsi
elektron kabinetə sahib olmuş vətəndaşlar mənzilləri Azərbaycan Respublikası
İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları sırasına daxil olan və
“MİDA” MMC ilə əməkdaşlıq müqaviləsi imzalayan kredit təşkilatları vasitəsilə əldə
edə biləcəklər.