Məktəbdə dini geyim müzakirəsi: Dünyəvilik və bərabərlik mesajı

Məktəbdə dini geyim müzakirəsi: Dünyəvilik və bərabərlik mesajı
12:36

Məktəbli forması ətrafında müzakirələr təkcə geyim seçimi ilə məhdudlaşmır. Təhsil müəssisələrində dünyəvilik prinsipinin qorunması, şagirdlər arasında bərabərliyin təmin edilməsi və dini etiqad azadlığının sərhədləri də bu məsələnin əsas müzakirə mövzularındandır.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov məktəblərdə vahid geyim qaydalarının qorunmasının vacibliyinə diqqət çəkib.

Deputatın fikrincə, Azərbaycanda vicdan və dini etiqad azadlığı təmin edilsə də, dövlət təhsil sisteminin dünyəvi xarakteri dəyişməz qalmalıdır. Məktəb yalnız şagirdlərə bilik verən müəssisə deyil, eyni zamanda onların şəxsiyyət kimi formalaşdığı, dünyagörüşünün inkişaf etdiyi mühüm ictimai mühitdir.

A.Badamov hesab edir ki, vahid məktəbli forması şagirdlər arasında ailələrin maddi imkanlarından və sosial vəziyyətindən qaynaqlanan fərqlərin azalmasına, bərabərlik prinsipinin möhkəmlənməsinə kömək edir.

Deputat bu məsələdə məktəblə dini ibadət məkanlarının funksiyalarının fərqləndirilməsinin vacibliyini vurğulayıb:

“Məktəb məscid deyil, məscid də məktəb deyil. Hər bir məkanın öz təyinatı, funksiyası və davranış qaydaları var. İnsanlar dini ibadət məkanlarında həmin məkanın qaydalarına, təhsil müəssisələrində isə qanunvericiliyə və müəyyən edilmiş məktəb qaydalarına uyğun davranmalıdırlar. Məktəblərdə vahid geyim qaydalarına riayət olunması dini etiqad azadlığının inkar edilməsi kimi təqdim edilməməlidir”.

A.Badamov dünyəviliyin dini dəyərlərə qarşı çıxmaq kimi qiymətləndirilməsinin yanlış olduğunu da bildirib. Onun sözlərinə görə, bu prinsip müxtəlif dini inanclara malik insanların hüquqlarının qorunmasına, dövlət idarəçiliyinin dini təsirlərdən müstəqilliyinə və cəmiyyətdə bərabərliyin təmin olunmasına xidmət edir.

Uşaqların ideoloji təsirlərdən qorunması məsələsinə də toxunan deputat tənqidi düşüncə qabiliyyətinin inkişaf etdirilməsini vacib sayıb. O vurğulayıb ki, uşaqların dini mövhumat, xurafat və radikal çağırışlardan qorunması ailənin, məktəbin və bütövlükdə cəmiyyətin ortaq vəzifəsidir.

A.Badamovun fikrincə, məktəbli geyimi ilə bağlı qərarlarda əsas meyar uşaqların mənafeyi, təhsilin keyfiyyəti, bərabərlik və qanunun aliliyi olmalıdır. Vahid geyim qaydaları isə bütün şagirdlərə ədalətli, ardıcıl və qanunvericiliyə uyğun şəkildə tətbiq edilməlidir.


Sizin reklam burada
Sizin reklam burada