Kolumbiyanın mərkəzində yerləşən Kundinamarka departamentinin Kukunuba şəhərində kömür mədənində baş verən partlayış nəticəsində 6 mədənçi həyatını itirib.
Bu barədə cümə günü qubernator Xorxe Emilio Rey “X” sosial şəbəkəsində məlumat verib.
“Kukunubadakı “El Porvenir 1″ mədənində xilasetmə əməliyyatları başa çatdıqdan sonra 6 nəfərin ölü vəziyyətdə aşkar edildiyini təəssüflə bildiririk”, — Rey “X” sosial şəbəkəsində yazıb.
Qubernator bildirib ki, mədən rəsmiləşdirmə prosesindən keçən Xüsusi Qoruq Ərazisinin bir hissəsidir və yaxın vaxtlarda Milli Mədən Agentliyi tərəfindən yoxlanılıb.
Onun sözlərinə görə, yoxlama zamanı təkmilləşdirilməsi zəruri olan təhlükəsizlik problemləri aşkarlanıb və təkmilləşdirmə planı həyata keçirilənədək mədəndə işlərin dayandırılması barədə qərar qəbul edilib.
Rey bildirib ki, dayandırma qərarına baxmayaraq, əməkdaşların material hasilatı işlərini davam etdirməsi Milli Mədən Agentliyi tərəfindən araşdırılacaq.