2020-ci illərin əvvəlində "qumar kralı" adlandırılan malayziyalı milyonçu Aaron Lim bütün sərvətini itirərək hazırda taksi sürücüsü kimi fəaliyyət göstərir.
News365.az xəbər verir ki, 48 yaşlı sabiq milyonçu müflis olduqdan sonrakı həyatı barədə "Mothership" nəşrinin dərc etdiyi müsahibəsində danışıb.
O, kazinolarda oynadığı oyunlar sayəsində məşhurluq qazanmışdı. Lim davamlı olaraq kart oyunlarında böyük məbləğlər udur və qumarın incəliklərinə həsr olunmuş bloq idarə edirdi. 2020-2023-cü illər aralığında onun aylıq qazancı təqribən 100 min ringgitə (təxminən 40 min manat) çatırdı, ümumi sərvəti isə 4.8 milyon ringgit (təxminən 2 milyon manat) həcmində qiymətləndirilirdi. O, həmçinin tez-tez səyahət edir və icarəyə götürülmüş lüks təyyarələrdən istifadə edirdi.
Lakin özünün də etiraf etdiyi kimi, şansına olan həddindən artıq inam onda qumar asılılığının yaranmasına səbəb olub. Hətta böyük məbləğdə uduzmaq belə onu dayandıra bilməyib: Lim itirdiyi pulları geri qaytarmaq ümidi ilə fasiləsiz oynamağa davam edib. Nəticə etibarilə o, bütün vəsaitindən məhrum olub və kreditorlara, eləcə də tanışlarına təxminən 1 milyon ringgit (təxminən 402 min manat) civarında borclanıb.
Gündəlik xərclərini qarşılamaq üçün Lim taksi sürücüsü işləməyə məcbur qalıb. Avtomobili isə ona yaxın dostu müvəqqəti verib. Hazırda keçmiş milyonçunun gündəlik maksimal qazancı 200 ringgit (təxminən 80 manat) ətrafındadır. O bu vəsaitin əsas hissəsini qidalanmaya və digər zəruri ehtiyaclara, o cümlədən yuxusuzluq və bel ağrıları üçün nəzərdə tutulmuş dərmanlara xərcləyir.
Lim qumar oyunlarından birdəfəlik uzaqlaşmaq qərarına gəldiyini bildirib. Onun sözlərinə görə, indi o, həyata sıfırdan başlamaq, özünü müstəqil şəkildə təmin etmək və diqqətini yalnız dürüst əməyə cəmləmək niyyətindədir.