Makdeoniyalı İsgəndərin buynuzu olub?

Makdeoniyalı İsgəndərin buynuzu olub?
09:03
Şərq və onun bir parçası olan Azərbaycan folklorunda "İsgəndərin buynuzu var, buynuzu" adlı rəvayət vardır ki, Nizami Gəncəvi, bu rəvayəti də "İsgəndərnamə"sinə daxil etmişdir.
“İqbalnamə” əsəri Nizami Gəncəvi yaradıcılığının ən yüksək zirvələrindən biridir. Əsərdə Nizami Gəncəvi qədim əlyazma və miflərə əsaslanan istinadları da istifadə edib. Diqqəti çəkən bir məqam var əsərdə:
“Başqa bir ustad da belə nəql edər,
Dünya filosofu Əbu Məşər də.
"Uluf" adı ilə məşhur əsərdə.
Yazırdı: Hər başda o iki buynuz rəsm etmiş,
Zərli və lacivərd rənglə bəzətmiş...”
Məhz Nizaminin bu əsərindən sonra Şərq xalqları arasında belə məlumat yayılmağa başlayıb: “İsgəndərin buynuzu var”. Hətta bununla bağlı çoxsaylı rəvayətlər dolaşmağa başlayır.
Araşdırmaçı Maşallah Xudubəyli bu mözvu barədə yazır: “Nizamidən əvvəl Əbu Məşərin təsvirinə görə "İsgəndərin buynuzu" söhbətinin yaranması həmin rəssamın çəkdiyi şəkillə bağlı bir əfsanənin yaranmasına səbəb olub. Əslində İsgəndərə rəğbət bəsləyib onu rəsmdə ilahinin müqəddəsliyinə bağlayan Rum rəssamının bu şəkli sonralar düzgün başa düşülməyib, ərəblər tərəfindən başqa cür yozulub. Yəni İsgəndərin ətrafında əyləşən gözəllərin başında təsvir edilən buynuz dini əsatirlərlə bağlı olsa da, o, sonralar İsgəndərin öz adına çıxılıb, əbədi söylənəcək bir əfsanənin təməlinə dönüb.”
Böyük Nizami bunu təsdiq edir:
Ərəblər bu şəkli seyr eyləyərkən,
Qarışıq salmışlar onları səhvən.
İsgəndər bilmişlər o gündən bəri,
Buynuzlu çəkilmiş o mələkləri.
Makedoniyalı İsgəndərin təsvirləri arasında onu sözün əsl mənasında buynuzlu təsvir edənlər də var. Bu təsvirlərə ən çox qədim sikkələrdə rast gəlinir və Makedoniyalı İsgəndərin profil şəklində kiçik buynuzlar onun başını bəzəyir təsvir edilir. İsgəndərin buynuzlu heykəltəraşlıq təsvirləri də mövcuddur. Belə heykələ nümunə olaraq Kipr adasındakı Katalimata ton Plakotosdakı bazilikanın transeptində tapılan iki buynuzlu İsgəndəri göstərmək olar. Bu kəşf VII əsrdə Bizans imperatoru Herakliusun hakimiyyəti dövründə edilmişdir. İsgəndərin buynuzlu təsviri onun e.ə. 332-ci ildə Misiri fəth etməsi ilə yaranıb.
Bu ikonoqrafiyadan ilk istifadə edən Yunan Misirinin hökmdarı I Ptolemey Soter idi. Onun nümunəsini Trakya kralı Lisimax da təkrar elədi.Misir hökmdarı II Arsinoe də bu simvoldan eramızdan əvvəl 275-ci ildən 268-ci ilə qədər istifadə etmişdir. Lakin eramızdan əvvəl I əsrə qədər iki buynuzlu İskəndərin təsvir olunduğu sikkələrin zərb edilməsi rəsmi olaraq dayandırıldı.
Bütün bu əfsanələrin yayılmasına baxmayaraq İsgəndərin fiziki olaraq buynuzu olmayıb. Bu sadəcə onun başına qoyduğu dəmir Dəbilqə ilə bağlıdır. Şəkildə onun buynuzlarının başının arxasına bağlanmış baş lentində və ya lentdə olduğunu aydın şəkildə görə bilərsiniz.
Makedoniyalı İskəndərin çox güman ki, xristian ənənəsindəki obrazı Kral Davudla, Misir ənənəsində isə tanrı Amonla (qoç buynuzuna sahib olmaq şəklində) əlaqələndirilirdi ki, bu da belə bir obrazın yaranmasına səbəb olub.
Dəbilqədə olan buynuzlar pers imperiyasının iki hissəsinə - qərbə və şərqə aid idi. O, Persiya və Turanı fəth edən padşahlarının titulu idi. Makedoniyalı İskəndər Persiyanı fəth edib dünyanın iki hissəsinin - qərbin (Yunanıstan) və şərqin (Asiyanın) hökmdarı olduqda, o, "İki Buynuzun Ağası" (dünyanın bir hissəsi) titulunu qazanmış idi.
Dahi Nizami da bunu təsdiq edir:
“İki qərn sahibi” qoymuş namını
Çünki şərqdən, Qərbdən almış kamını.
Ərəb dilində qərn sözü Şərq və Qərb mənasında da işlənir. İsgəndər Zülqərneynə “İki qərn sahibi” ləqəbin ona görə vermişlər ki, o, Şərqi də, Qərbi də fəth etmişdir.
Zaur Əliyev, tarixçi

Sizin reklam burada
Sizin reklam burada