Lənkəranda gənclərin biznes və karyera bacarıqlarının inkişafına həsr olunmuş layihə uğurla yekunlaşıb -FOTOLAR

Lənkəranda gənclərin biznes və karyera bacarıqlarının inkişafına həsr olunmuş layihə uğurla yekunlaşıb -FOTOLAR
25 İyn 2026 19:05

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan “Cənub bölgəsində gənclərin biznes bacarıqlarının inkişafı və məşğulluğunun dəstəklənməsi” layihəsi müvəffəqiyyətlə başa çatıb.

“İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyinin rəhbəri Samir Axundovun verdiyi məlumata görə, Lənkəran rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, eləcə də Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran regional nümayəndəliyinin tərəfdaşlığı ilə baş tutan bu təşəbbüsün əsas məqsədi regionda yaşayan işsiz gənclərin rəqabətədavamlı əmək bazarında öz yerlərini tapmasına və sahibkarlıq fəaliyyətinə başlamasına dəstək olmaqdır. Layihə xüsusilə aztəminatlı ailələrdən olan gənclər üçün bərabər imkanlar yaradaraq, onların cənub bölgəsinin sosial-iqtisadi inkişafında fəal rol almasına yönəlib.

Layihə çərçivəsində 13.06.2026-15.06.2026 -cı il tarixlərində Lənkəran rayonunda 19-29 yaş arası 20 nəfər gənc üçün 3 günlük intensiv təlim proqramı həyata keçirilib. İştirakçılar ilk 2 gün ərzində peşəkar CV hazırlığı, uğurlu iş müsahibəsi texnikaları, komanda işi, biznesin planlaşdırılması, hədəf auditoriyasının seçilməsi və sosial mediadan səmərəli istifadə kimi aktual mövzularda nəzəri biliklərə yiyələniblər. Proqramın ən maraqlı və yaddaqalan hissəsi isə təlimin 3-cü günü biznes qurumlarına və şirkətlərə təşkil olunan praktiki səfər olub. Gənclər rayonda fəaliyyət göstərən müxtəlif biznes müəssisələrinə səfər edərək orada iş prosesini canlı izləyib, uğurlu sahibkarlarla görüşüb və öyrəndikləri nəzəri məlumatların real iş mühitində necə tətbiq olunduğunu görmək imkanı qazanıblar.

Yekunda təlimləri uğurla başa vuran bütün iştirakçılara sertifikatlar təqdim olunub. Qazanılmış biliklərin və iştirakçılar arasında yaranmış əlaqələrin dayanıqlılığını təmin etmək məqsədilə xüsusi şəbəkələşmə (WhatsApp) qrupu yaradılıb. Bu platforma vasitəsilə gənclər gələcəkdə də yeni iş fürsətləri, müxtəlif sosial proqramlar və faydalı təcrübələr barədə mütəmadi məlumatlandırılacaqlar. Təşkilatçılar əmindirlər ki, bu cür layihələr gənclərin özünə inamını artırmaqla yanaşı, onları zərərli vərdişlərdən uzaq tutacaq və gələcək karyera addımlarına, eləcə də şəxsi bizneslərini qurmalarına böyük təkan verəcək.

 

 


Sizin reklam burada
Sizin reklam burada