Milli Məclis əcnəbilərə və vətəndaşlığı olmayan bəzi şəxslərə müvəqqəti yaşamaq üçün uzunmüddətli icazə verilməsini ilk oxunuşda qəbul edib.
Bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsi parlamentin 27 oktyabr tarixli plenar iclasında müzakirəyə çıxarılıb.
Belə ki, layihəyə əsasən aqroparkın rezidentinin - hüquqi şəxs olduqda onun rəhbərinin və müavinlərinin, habelə həmin rezident tərəfindən Azərbaycan ərazisində əmək fəaliyyətinə cəlb edilən və müvafiq fəaliyyət sahəsində təcrübəyə malik aqronomların, bağçılıq üzrə mütəxəssislərin və baytar həkimlərin bu subyektlər dairəsinə daxil edilməsi təklif edilir.
İcazələr 2027-ci il yanvarın 1-dən 2032-ci il yanvarın 1-dək nəzərdə tutulacaq.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Əcnəbi aqronom və baytarlara uzunmüddətli iş icazəsi verilməsi xeyli təəccüb və təəssüf doğurur.
Çünki bu peşələrin ölkəmizdə zəngin ənənəsi olub. Lakin müstəqillik dövründə bu ixtisaslara maraq xeyli azalıb. Nəticədə yüksək ixtisaslı əcnəbi aqronomların və baytarların ölkəmizə axını başlayıb.
Nazırda heyvandalıq komplekslərində və aqroparklarda əsasən əcnəbi mütəxəssislər çalışır.Üstəlik əcnəbi mütəxəsislər yüksək əmək haqqı alır.
Bəs Azərbaycan Dövlət Aqrar Universiteti niyə sosial sifarişləri qarşılaya bilmir?
Məlumat üçün deyək ki, Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) ümumi tələbə qəbulu son illərdə illik təqribən 2000 nəfər civarında müəyyənləşib. Son qəbul ilində universitet üzrə ümumi bakalavr plan yeri 2 082 olub və bu yerlər 100% dolub.
Konkret olaraq haqqında danışdığımız ixtisaslarsa ümumilikdə belədir.
Aqronomluq fakültəsi Universitetin ən böyük profilli istiqamətlərindən biridir. Bu fakültə çərçivəsində Aqronomluq, Bağçılıq və tərəvəzçilik, Bitki mühafizəsi, Torpaqşünaslıq və aqrokimya, eləcə də EGE Universiteti ilə birgə idarə olunan ADAU-EGE ikili diplom proqramı üzrə tədris aparılır. Fakültənin nəzdindəki ixtisaslara hər il Azərbaycan, türk və rus bölmələri (əyani və qiyabi) daxil olmaqla ümumilikdə təqribən 400–500 aralığında tələbə qəbul edilir.
Baytarlıq təbabəti fakültəsi isə Baytarlıq və Əczaçılıq ixtisaslarını əhatə edir. Aqrar sahədə baytarlıq kadrlarına olan böyük ehtiyac səbəbindən bu fakültəyə də ayrılan dövlət sifarişli yerlərin sayı artırılıb. Fakültə üzrə illik tələbə qəbulu ortalama 150–250 nəfər arasında dəyişir.
Statistikaya baxanda ildə 400-500 aqronomun, 150-250 baytar həkimin hazırlanması heç də pis rəqəm deyil.
Bəs, məzunlar nə qədər peşəkardır?
Bəri başdan deyək ki, ADAU-nun aqronomluq və baytarlıq fakültələrinə abituriyentlər arasında maraq çox azdır. Məhz bu səbəbdəndir ki, bu ixtisaslara qəbul balı çox aşağıdır.
Məsələn 2025/2026-cı tədris ili üçün qəbul balı ortalama 190 bal olub.
Baytarlıq ixtisasına isə hətta 150 balla da qəbul olmaq mümkün imiş. Bu da o deməkdir ki, bu ixtisası seçənlər yalnız diplom xatirinə təhsil almaq istəyənlərdir.
Bu səbəbdən də tələbələr seçdikləri ixtisası o qədər də dərindən mənimsəmirlər. Belə olmasa idi əcnəbi aqronom və baytarlar üçün bu qədər imtiyazlar yaradılmazdı.
Haşiyə
Tanınmış aqroparkların sahiblərindən biri ilə bir dəfə kadr məsələsini müzakirə edirdik. O maraqlı bir hadisə danışdı. Dedi ki, bir ara ADAU ilə əməkdaşlığa başladıq:
“Aqronomluq fakültəsinin əlaçı tələbələrinə təqaüd də təsis etdik. Və həmçinin tələbələrin praktik təcrübə keçmələri üçün öz istehsal sahələrimizi onların ixtyarına verdik. Hətta mən şəxsi əlaqələrim hesabına Rusiya Dövlət Aqrar Universiteti ilə razılıq əldə etdik ki, ADAU-nun əlaçı tələbələrini Moskvaya göndərək. İlk aylar hər şey yaxşı gedirdi. Birinci smestrdə cəmi 3 əlaçı vardı. İkinci smestrdə əlaçıların sayı birdən birə 10 dəfə artdı. Məlum oldu ki, Universitedə bəzi adamlar bizim xoş niyyətimizi özlərinin kommersiya maraqlarına çevirmək istəyir. Ona görə də əməkdaşlığı dayandırdıq”.
Çox təəssüf ki, bizim təhsil sistemində hələ də belə xoşagəlməz tendensiyalar qalmaqdadır. Nə yazıq ki, təhsillə praktik təcrübənin sintezini təşkil etmək hələ ki, mümkün olmayıb.
Bu səbədən də ali məktəblərdə hazırlanan kadrların bilik və peşə hazırlığı çox aşağıdır.
Ona görə də dövlət ölkənin aqronom və baytar həkimlərinə olan ehtiyacı hələ ki, əcnəbi mütəxəssislərin hesabına ödəmək istəyir.
Nə qədər acı olsa da reallıqdır.
Bəs kimdir günahkar?
Bu sualın ən dəqiq cavabını təhsil və diplom verənlər bilir.
News365.az