Sosial şəbəkələrdə "Kürd Elnur" kimi tanınan Elnur Abbasov haqqında inzibati protokol tərtib edilib.
News365.az-ın məlumatına görə, Elnur Abbasov, müvafiq icra hakimiyyəti orqanından icazə almadan mülki silah və döyüş sursatı əldə etdiyi, saxladığı, daşımış və satmış olduğu üçün İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə protokola alınıb.
İşə Astara rayon Məhkəməsində hakim Şəfiqə Meybullayevanın sədrliyi ilə baxılacaq. Elnur Abbasov əvvəllər dəfələrlə məhkum olunub və 2020-ci ildə sosial şəbəkələrdə yayılan videolarla gündəmə gəlib. O, Suraxanı rayonunda tanışının BMW markalı avtomobilini dərəyə aşırmışdı.
Sonra, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Elnur Abbasov odlu silah və narkotik vasitələrlə saxlanılıb. Onun üzərində 1 tapança, 4 patron, 1 daraq və 7 qram heroin aşkar olunub.