Kür çayında suyun səviyyəsi kəskin azalıb- FOTOLAR

Kür çayında suyun səviyyəsi kəskin azalıb- FOTOLAR
08 Apr 2025 16:31

Son günlərdə Kür çayında suyun səviyyəsində ciddi azalma müşahidə olunur. Sakinlər yaranmış vəziyyətdən narahatdır. Xüsusilə Salyan və Neftçala rayonlarında bu azalma daha çox hiss edilir.

“Ümumiyyətlə bütün kənd camaatı nasoslardan istifadə edir, Kürdən su çəkirik. İndi isə vəziyyət çox çətinləşib. Kür çayı təxminən 60 metr geri çəkilib, bu da bizi məcbur edir ki, motorları geriyə daşıyaq. Bu, yaşlısı, cavanı olan insanlar üçün ciddi çətinliklər yaradır. Kürün suyunun çəkilməsi bizim üçün böyük problemə çevrilib.”

Neftçala sakini Razi Məhərrəmlinin sözlərinə görə, su olmasa məhsuldarlıq demək olar ki, çox aşağı səviyyədə olacaq. Camaat belə vəziyyət gözləmirdi, çünki qış kifayət qədər yağıntılı keçmişdi. Hamı düşünürdü ki, bu yaz Kür daşacaq. Amma indi elə vəziyyət yaranıb ki, nəinki həyətyanı sahələr, hətta pay torpaqlarında da əkin-biçin çətinləşəcək.”

Sakinlərin sözlərinə görə, yanvar-fevral aylarında çayda suyun səviyyəsi yüksək olub. Lakin hazırkı vəziyyət ürəkaçan deyil. Çayda artıq irili-xırdalı adalar və yarımadalar əmələ gəlib. Eyni zamanda, su nasoslarının məhsuldar işləməsində ciddi çətinliklər yaranıb. Bu səbəbdən bəzi yerlərdə iri nasosların qarşısında dibdərinləşdirmə işlərinə başlanılıb.

Ekspert Allahverdi Piriyev bildirir ki, normalda Kür çayı yaz aylarında bolsulu dövrünü yaşamalıdır. Lakin hal-hazırda suyun səviyyəsi davamlı şəkildə azalır ki, bunun da bir sıra səbəbləri var:

“Sudan səmərəli istifadə texnologiyası hələ də tam formalaşmayıb. Sovet dövründə dəmyə sahələrdə əkin aparılırdı və bu ərazilərdə suvarmaya ehtiyac olmadan məhsul alınırdı. Hazırda isə həmin sahələr belə suvarma sistemlərinə keçib ki, bu da suya olan tələbatı artırır.”

Ekspertin sözlərinə görə, Kür çayında suyun səviyyəsinin aşağı düşməsi təkcə insanların gündəlik həyatına və təsərrüfat fəaliyyətinə deyil, həm də çayın bioloji resurslarına ciddi təsir göstərir.

Qeyd edək ki, mart ayının əvvəllərindən bu günə qədər Kür çayında suyun səviyyəsi 2 metrdən çox azalıb. Çayla mühafizə bəndi arasındakı məsafə isə artıq 12-15 metrə çatıb.

News365.az, Vəfa Vəliyeva


Sizin reklam burada
Sizin reklam burada