Şəhərsalma, mənzil təminatı və regional inkişafın dayanıqlı şəkildə qurulması Gürcüstanın əsas dövlət prioritetlərindən biridir.
News365.az xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze WUF13 forumunda çıxışı zamanı səsləndirib.
Baş nazir əvvəlcə Azərbaycana və Prezidentinə tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkür edib:
“Bakıda keçirilən bu qlobal forumda iştirak etmək mənim üçün böyük şərəfdir. Azərbaycana və Prezident İlham Əliyevə səmimi qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. BMT-nin Məskunlaşma Proqramı çərçivəsində keçirilən bu forum şəhərlərin gələcəyi üçün mühüm platformadır. Bu forum təhlükəsiz və inklüziv icmaların formalaşdırılması, təcrübə mübadiləsi və ortaq baxışın inkişafı üçün vacib platformadır”.
O qeyd edib ki, şəhərlər müasir dövrdə qlobal çağırışların mərkəzində dayanır:
“İqlim davamlılığı, mənzil təhlükəsizliyi və sosial inteqrasiya kimi məsələlər şəhərlərin gələcəyini müəyyən edir. Gürcüstanda şəhərsalma və balanslı regional inkişaf dövlət siyasətinin əsas istiqamətidir. Məqsədimiz yalnız infrastrukturun genişləndirilməsi deyil, eyni zamanda regionlar arasında balanslı inkişafın təmin olunmasıdır. Ölkədə milli məkan planlaşdırılması siyasəti həyata keçirilir və bu, şəhər inkişafı üçün strateji baza yaradır. Gürcüstanda torpaq qeydiyyatı və kadastr sisteminin tamlaşdırılması mühüm islahatlardan biridir".
Baş nazir həmçinin məcburi köçkünlər üçün həyata keçirilən mənzil proqramlarına toxunub:
“Biz işğaldan zərər çəkmiş ailələrin sosial təminatını və mənzil şəraitini yaxşılaşdırmağa davam edirik. Sosial qrupların, gənc ailələrin və dağlıq region sakinlərinin mənzilə çıxışı prioritetdir. Gürcüstan tarixi memarlığın qorunmasına xüsusi diqqət yetirir. Modernləşmə tarixin itirilməsi hesabına olmamalıdır. Biz ənənəvi memarlıqla müasir şəhərsalmanı birləşdiririk”. Kənd və şəhər arasındakı fərqlərin azaldılması davamlı inkişaf üçün əsas şərtdir.
Sonda Gürcüstanın "Sustainable Development Goals" və "New Urban Agenda" çərçivəsində beynəlxalq əməkdaşlığa sadiq olduğu vurğulanıb.